• 28 °C
|

Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub

2 Avqust 2026
img

Aralıq dənizinin Afrika sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərində son günlər yaşanan miqrasiya böhranından sonra vəziyyət tədricən sabitləşir.

"Hespress" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Bildirilib ki, ərazi tullantılardan təmizlənir, ictimai asayiş və nəqliyyatın hərəkəti bərpa olunur. Qanunsuz miqrantlar mikroavtobuslarla Seutadan Mərakeşin Fnidek şəhərinə aparılır, Seuta ilə Fnidek arasındakı avtomobil yolunda hərəkət hər iki istiqamətdə yenidən açılıb.

Bununla yanaşı, sərhəd-keçid məntəqəsində və ətraf ərazilərdə gücləndirilmiş polis qüvvələri xidmət aparır və Mərakeş ərazisinə qaytarılan miqrantların hərəkətinə nəzarət edir.

Mərakeş təhlükəsizlik xidmətlərindəki mənbənin məlumatına görə, son günlər polisə qarşı iğtişaşlar zamanı təxminən 70 nəfər saxlanılıb. Onlara qəsdən adam öldürməyə cəhd, qəsdən yandırma və dövlət, eləcə də şəxsi əmlaka ziyan vurma maddələri ilə ittiham irəli sürülüb.