
Böyük Britaniyada barələrində deportasiya qərarı çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayət törətmiş şəxs ölkə ərazisində qalmaqda davam edir.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Böyük Britaniyadan deportasiya edilənlərin sayı 2020-ci ildə 8 min nəfər olduğu halda, 2025-ci ildə 36 min nəfərə çatıb. Bununla belə, deportasiya olunanların 30 faizindən azını cinayət törətmiş əcnəbilər təşkil edib.
Məlumata əsasən, məhkum olunmuş Somali vətəndaşlarının yalnız 1,9 faizi ölkədən çıxarılıb. Bu göstərici Yamayka vətəndaşları arasında 3,1 faiz, Nigeriya vətəndaşları arasında isə 4,8 faiz olub.
İraq, Zimbabve, Əlcəzair və Vyetnam vətəndaşları arasında da deportasiya göstəricilərinin olduqca aşağı olduğu bildirilir.
Qəzet qeyd edir ki, Konqo Demokratik Respublikasının məhkum edilmiş 161 vətəndaşından yalnız biri vətəninə deportasiya olunub.
“The Times” konkret cinayət işlərindən birinə də diqqət çəkib.
Nəşrin məlumatına görə, zorlama cinayətinə görə 17 il müddətinə azadlıqdan məhrum edilən Nigeriya vətəndaşı ölkədən deportasiya olunmayıb. Həmin şəxs hökm çıxarılan vaxt başqa bir zorlama ittihamı üzrə girov müqabilində azadlıqda olub.
Bildirilir ki, onun deportasiya edilməməsi insan hüquqları ilə bağlı hüquqi əsaslarla izah olunub.
Böyük Britaniya, deportasiya, miqrantlar, əcnəbi cinayətkarlar, The Times, London, miqrasiya siyasəti, məhkumlar