
Ukrayna hərbçiləri üçün “Starshield” peyk rabitəsi sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər ölkənin ABŞ texnologiyalarından ciddi asılılığını nümayiş etdirib.
“The Times” nəşrinin məlumatına görə, yaranmış vəziyyət Amerika kosmik sistemlərindən istifadə edən Avropa orduları üçün də xəbərdarlıq xarakteri daşıyır.
Bildirilib ki, çərşənbə axşamı İlon Maskın “SpaceX” şirkətinə məxsus “Starlink” şəbəkəsinin hərbi seqmentində ukraynalı istifadəçilər üçün terminalların hərəkət sürətinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb.
Bu isə peyk rabitəsi terminallarının pilotsuz uçuş aparatlarında istifadəsini faktiki olaraq mümkünsüz edib.
Qərarın kim tərəfindən verildiyi mübahisə mövzusu olaraq qalır. İlon Mask və ABŞ Prezidenti Donald Tramp bu addımla əlaqələrinin olmadığını bildirsələr də, bəzi mənbələr qərarın məhz onlarla bağlı olduğunu iddia edirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə şənbə günü açıqlamasında məhdudiyyətlərin ölkənin pilotsuz uçuş aparatları operatorları üçün problemlər yaratmağa davam etdiyini bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi bu addımları ölkənin müdafiə imkanlarını zəiflətməyə yönəlmiş “planlaşdırılmış əməliyyatın” tərkib hissəsi kimi qiymətləndirir.