• 26 °C
|

Türkiyədə daha bir bələdiyyə sədri korrupsiyaya görə saxlanılıb

29 İyul 2026
img

Türkiyənin Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş və daha beş nəfər rüşvət və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

APA xəbər verir ki, bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, istintaq Üsküdar Bələdiyyəsində tikinti və istismar icazələrinin verilməsi prosesində qanun pozuntularına yol verildiyi barədə daxil olan şikayətlər, zərərçəkənlərin ifadələri və istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələri əsasında başlanıb.

Baş Prokurorluq iddia edir ki, bələdiyyənin səlahiyyətinə aid olmayan Kent A.Ş. şirkətinin əməkdaşları şifrələnmiş rabitə tətbiqi vasitəsilə əlaqələndirmə apararaq tikinti icazələrinin verilməsi prosesinə müdaxilə ediblər.

İstintaq materiallarına əsasən, Kent A.Ş. ilə podratçı şirkətlər arasında ümumi dəyəri 1 milyard 78 milyon 870 min 833 lirə olan çoxsaylı məsləhət xidməti müqavilələri bağlanıb və bu müqavilələr çərçivəsində indiyədək 361 milyon 392 min 264 lirə ödəniş həyata keçirilib. Bu faktların Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatları və digər sübutlarla müəyyən edildiyi bildirilib.

Prokurorluğun iddiasına görə, tikinti şirkətləri tikinti icazəsi almaq üçün Kent A.Ş. ilə müqavilə bağlamağa məcbur edilib, qanunvericiliyə zidd istismar icazələrinin verilməsi müqabilində rüşvət alınıb, bəzi ödənişlər isə bələdiyyə sədrinin müşaviri U.M.-yə hissə-hissə çatdırılıb.

İstintaq çərçivəsində İstanbulda 11 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş, bələdiyyə sədrinin müavini, özəl katiblik müdiri, memar, iş icraçısı və podratçı saxlanılıb.