
Ukrayna Prezidenti Volodimir Zelenski bu ərəfədə Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazını açıq saxlamağın yollarını nəzərdən keçirən ölkələrlə Qara dənizdə naviqasiya azadlığının təmin edilməsi sahəsində Kiyevin təcrübəsini bölüşməyi təklif edib.
APA xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkədəki son paylaşımında bildirib.
Zelenski qeyd edib ki, ölkənin xarici işlər naziri Andrey Sibiqa 40 ölkənin qatıldığı Hörmüz boğazının yenidən açılması məsələsinə həsr olunmuş virtual görüşdə iştirak edib.
Onun sözlərinə görə, Ukrayna dəniz yolları, dəniz nəqliyyatının qorunması və bərpası ilə bağlı müvafiq təcrübəyə malikdir.
"Əgər tərəfdaşlarımız hərəkətə keçməyə hazırdırlarsa, onları necə gücləndirə biləcəyimizi, təcrübəmizi, biliklərimizi və texnoloji potensialımızı necə tətbiq edə biləcəyimizi nəzərdən keçirəcəyik", – deyə Ukrayna lideri vurğulayıb.