• 26 °C
|

Zelenski Tuskla Polşadakı ukraynalıların təhlükəsizliyini və tarixi mübahisələri müzakirə edib

29 İyul 2026
img

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla görüşdə ölkədə yaşayan ukraynalıların təhlükəsizliyi və Kiyevlə Varşava arasında tarixi məsələləri müzakirə edib.

APA xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə hesablarında paylaşım edib.

Məlumata görə, görüş Lyublin şəhərində baş tutub və bu, Ukrayna-Polşa münasibətlərində gərginliyin artmasından sonra iki lider arasında keçirilən ilk görüş olub. Gərginlik Zelenskinin Ukrayna Üsyançı Ordusunun (UPA) qəhrəmanlarının adının hərbi bölmələrdən birinə verilməsi ilə bağlı qərarından sonra yaranmışdı.

Tərəflər tarixi dialoqla yanaşı, Zelenskinin ABŞ-a son səfərinin nəticələrini də müzakirə ediblər. Ukrayna Prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi görüş barədə Polşanın baş nazirinə məlumat verib.

Görüşdə, həmçinin müdafiə sahəsində əməkdaşlıq və Ukrayna şəhərlərinin Rusiyanın hücumlarından qorunması məsələləri də müzakirə olunub.