• 4 °C
|

IMF: Geosiyasi gərginliklərin yüksəlməsi neftin qiymətini artıra bilər

19 Yanvar 2026
img

Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə neft bazarında təklifin yüksək səviyyədə qalacağını və bu amilin qiymətlərdə tədrici eniş yaradacağını proqnozlaşdırır.

"APA-Economics” xəbər verir ki, bunu IMF-in İqtisadi məsələlər üzrə müşaviri və Tədqiqat Departamentinin direktoru Pierre-Olivier Gourinchas deyib.

Onun sözlərinə görə, ötən il ərzində neft qiymətlərində azalma müşahidə olunub və bazarda kifayət qədər təklifin olması bu tendensiyanı davam etdirir. IMF-in baza ssenarisinə əsasən, 2026-cı il ərzində neft qiymətlərinin tədrici azalması gözlənilir.

"Fondun qiymətləndirməsinə görə, Venesuelada hasilatın artımı imkanları mövcud infrastruktur səbəbindən məhduddur. İran isə gündəlik təxminən 1,6 milyon barel neft ixrac edir, bu da qlobal istehlakın təxminən 1,5 faizini təşkil edir. İrandan neft ixracında mümkün fasilələr qiymətlərə artırıcı təsir göstərə bilər"- IMF-in departament direktoru vurğulayıb.

Pierre-Olivier Gourinchas həmçinin əlavə edib ki, regionda geosiyasi gərginliklərin artması və Hörmüz boğazı vasitəsilə neft daşımalarında pozuntular yaranması halında, bu, neft qiymətlərinin kəskin artımına səbəb ola bilər.

Xatırladaq ki, IMF cari ildə bir barel neftin orta qiyməti 62,13 ABŞ dolları, 2027-ci ildə isə 62,17 dollar səviyyəsində proqnozlaşdırıb.