• 24 °C
|

Malayziya Azərbaycanla palma yağı ticarətinin daha da genişlənəcəyini gözləyir

2 İyul 2025
img

Ardıcıl strategiya sayəsində Malayziya Azərbaycanı, xüsusilə genişlənən qida emalı və istehsal sektorları kontekstində əsas inkişaf edən bazarlardan biri kimi müəyyən edib.

"Report" xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza Bakıda keçirilən “Malayziya və Azərbaycan arasında iqtisadi və turizm əməkdaşlığı vasitəsilə əlaqələrin gücləndirilməsi” mövzusunda ticarət, biznes və turizm seminarında bildirib.

Səfir qeyd edib ki, Malayziyada palma yağı istehsalı ekosistemi 2015-ci ildən bəri “Malaysian Sustainable Palm Oil” (MSPO) milli sertifikatlaşdırması sayəsində davamlı şəkildə inkişaf edir: "MSPO sertifikatlaşdırması yağlı palmaların yetişdirilməsindən hazır məhsulun istehsalına qədər tam dövrü əhatə edir".

A.Kamrizamil bildirib ki, Malayziya palma yağı davamlı və şaxələndirilmiş təchizat sistemi sayəsində Azərbaycanın ərzaq zəncirini effektiv şəkildə dəstəkləyə bilər: "Yaşıl texnologiya"ları, ekoloji cəhətdən təmiz məhsulları və bərpa olunan enerji mənbələrini təşviq edən Azərbaycan MSPO standartına uyğun sertifikatlaşdırılmış palma yağının ixracı üçün əlverişli mühit təqdim edir".

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycana palma yağı idxalı 82,2 milyon ABŞ dolları təşkil edib ki, bunun da 29,9 milyon ABŞ dolları Malayziyanın payına düşüb. Bu isə Malayziyanı Azərbaycana palma yağı tədarükü üzrə ikinci ən böyük təchizatçı edib.

Diplomat, həmçinin vurğulayıb ki, 2024-cü ildə Malayziyadan palma yağının ümumi ixracı 29 milyard ABŞ dollarına çatıb və ən böyük idxalçılar Çin, Avropa İttifaqı, Türkiyə, həmçinin Azərbaycan kimi inkişaf edən bazarlardır: “Biz Azərbaycanla palma yağı ticarətinin daha da genişlənməsini səbirsizliklə gözləyirik”.