• 15 °C
|

Azərbaycan-İran münasibətləri regional təhlükəsizlik baxımından vacibdir – RƏY

30 Aprel 2025
img

İran Prezidenti Məsud Pezeşkianın Bakı səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı və bu münasibətlər regional təhlükəsizlik baxımından vacibdir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafı regional təhlükəsizlik baxımından vacibdir.

Deputat qeyd edib ki, Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş partlayışa rəğmən səfər təxirə salınmayıb və bu vacib məqamlardandır:

"Bu, Tehranın Bakı ilə yüksək səviyyəli dialoqun ən tez vaxtda baş tutmasında maraqlı olduğunu göstərdi. Dövlət başçılarının səsləndirdiyi bəyanatlar, imzalanan sənədlər ikitərəfli münasibətlərdə artıq yeni mərhələnin başladığını söyləməyə əsas verir. Bu vaxta qədər yaranmış narazılıqlara baxmayaraq, İran-Azərbaycan münasibətlərində hər zaman yaxın qonşuluq, ortaq tarixi və mədəni irs mövcud olub".

K.Nurullayeva 44 günlük müharibədən sonra 3+3 formatına İranın da cəlb olunmasının təsadüfi olmadığını diqqətə çatdırıb:

"Əslində Azərbaycan bütün qonşularla, o cümlədən İranla əlaqələrin inkişafında maraqlı olub və bu siyasət bu gün də davam edir. Hətta 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə yaradılan 3+3 formatına İranın da cəlb olunması təsadüfi deyildi. Eyni zamanda Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı da davam etdirilir və bunun təşəbbüskarı da məhz Prezident İlham Əliyevdir".

O həm də müxtəlif illərdə keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşlərində nəqliyyat sahəsində əməkdaşlığın müzakirəsinin region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyini bir daha vurğulayıb:

"Səfər zamanı dövlət başçılarının müzakirə etdiyi əsas məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olub. Hər iki ölkə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq edir. Dövlət başçımız bəyan edib ki, biz bunun sadəcə nəqliyyat dəhlizi yox, həm də Azərbaycan və İran ərazisində yol boyunca yeni bizneslərin açılması və sənaye müəssisələrinin yaradılması üçün imkan yaratmasını istəyirik. Sözügedən məsələnin icra oluna bilməsi üçün bütün imkanlar mövcuddur".

Deputat hesab edir ki, Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri İran və Azərbaycan arasında ticarət əlaqələrini gücləndirəcək:

"Qara dənizlə Fars körfəzini birləşdirən Araz dəhlizi həm də Azərbaycanın əsas hissəsini Naxçıvan ilə İran ərazisindən birləşdirən bir layihədir. Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri isə İran və Azərbaycan arasında ticarət əlqələrini gücləndirəcək. Yəni, Azərbaycan özünün dəmiryolu infrastrukturunu yeniləməsi, həm də region dövlətləri arasında əlaqələrin inkişafına təkan verir".