• 5 °C
|

Budapeşt Bəyannaməsi TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır – RƏY

23 May 2025
img

Hazırki mürəkkəb geosiyasi vəziyyətdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq vacibdir.

Bunu “Report”a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Budapeştdə baş tutan TDT dövlət başçılarının növbəti zirvə toplantısında qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdi:
“Budəfəki toplantını digərlərindən fərqləndirən cəhətlərdən biri də onun Aİ üzvü olan Macarıstanda təşkil olunması idi. TDT dövlət başçıları birliyi ardıcıl olaraq möhkəmləndirməyə, ortaq tarixi kökləri, ənənələri, mədəni dəyərləri qoruyub saxlamağa çalışır”.

Deputat hesab edir ki, yekunda qəbul edilən, TDT-nin ümumi gələcəyini və strateji kursunu təsdiq edən Budapeşt Bəyannaməsi isə təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır.

“Ümumiyyətlə, təşkilata üzv ölkələr TDT-ni dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir”, – o deyib.