Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatı olmaqla yanaşı, bu prosesin tezliklə uğurla başa çatacağına əminlik yaradır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, xüsusilə son vaxtlar həmin ərazilərə qayıdış ünvanlarının sayının artması bunu bir daha sübut edir:
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü də dövlət başçısı İlham Əliyevin bu torpaqlara səfəri, soydaşlarımıza növbəti qayıdış ünvanında yeni infrastruktur obyektlərinin açılışı və təməlqoyma mərasimləri, yeni evlərin açarlarının təqdim edilməsi ilə yadda qaldı”.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında, Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Prezident İlham Əliyev, həmçinin, mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimlərində iştirak etdi.
İşğaldan azad edilmiş ərazilərə səfər mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin, kənd tam orta məktəbinin binasının, körpələr evi-uşaq bağçasının açılışı, kənddə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, kənddə yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıqla davam etdi.
“Bir səfər çərçivəsində görülən işlərin, atılan addımların miqyası ümumilikdə bütün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq”.
O bildirib ki, artıq 30 ilin dağıntılarını bu gün müasir standartlara cavab verən bərpa-quruculuq işləri əvəzləyir.
“Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür”, – V.Rəhimzadə deyib.