Xüsusi icra məmuru statusunun əldə edilməsinə və fəaliyyətinin təşkilinə dair qaydalar müəyyənləşir.
"Report" xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilib ki, Ali təhsilli və bu Qanunun 1-ci, 7.2-ci və 7.3-cü maddələrinin tələblərinə cavab verən Azərbaycan vətəndaşı xüsusi icra məmuru ola bilər.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, pul öhdəlikləri barədə məhkəmə qərarını yerinə yetirə bilməyən şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 5 (beş) il müddətində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, habelə vəzifəsinin icrası ilə bağlı kobud pozuntulara görə hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik, notariat, xüsusi icra məmuru fəaliyyətinə xitam verilmiş şəxslər, ikili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxslər xüsusi icra məmuru ola bilməzlər.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, xüsusi icra məmuruna sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul olmaq qadağandır.
Siyasi partiyaya üzv ola və siyasi fəaliyyətlə məşğul ola bilməz. Xüsusi icra məmuru fəaliyyətə başlamazdan əvvəl siyasi partiyanın üzvlüyündən çıxmalıdır.