ABŞ-nin Aİ-dən gələn məhsullara 50 % həcmində idxal rüsumlarının mümkün tətbiqi Almaniyaya 2028-ci ilin sonunadək təxminən 200 milyard avroya başa gələ bilər.
“Report” xəbər verir ki, bu barədə Kölndəki Alman İqtisadiyyatı İnstitutu (IW) məlumat verib.
IW-nin hesablamalarına görə, əgər Aİ məhsullarına 50 % həcmində rüsumlar Donald Tramp administrasiyasının səlahiyyət müddətinin sonuna qədər qüvvədə qalarsa, bu, Almaniya iqtisadiyyatına 2028-ci ilin sonuna qədər təxminən 200 milyard avroya başa gələcək. Belə rüsumların tətbiqi nəticəsində Almaniyanın ÜDM-i bu il təxminən 0,1 % azalacaq, daha sonra isə zərər əhəmiyyətli dərəcədə daha böyük olacaq. 2025-2028-ci illər arasında orta hesabla ÜDM, tariflərin artırılmadığı ssenariyə nisbətən 1,1 % daha aşağı olacaq. Əgər Aİ müvafiq cavab rüsumları ilə reaksiya versə, 2028-ci ilə qədər 250 milyard avro məbləğində zərər riski mövcuddur.
IW-nin qeyd etdiyi kimi, ABŞ-nin rüsumları tətbiq etməsi özlərinə də zərər verəcək. Birləşmiş Ştatlar bəzi məhsul növlərini, demək olar ki, yalnız Almaniyadan idxal edir, məsələn, avtomobil kranları. 2024-cü ildə ABŞ belə kranların təxminən 95 %-ni Almaniyadan təxminən 850 milyon dollar məbləğində idxal edib.