Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri növbədənkənar görüşdə Tehranın nüvə silahına malik ola bilməyəcəyi və Brüsselin İranla İsrail arasında gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğu ilə razılaşıblar.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Yaxın Şərqdə son hadisələrlə bağlı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, son beş gün ərzində İsrail və İran bir-birinə zərbələr endirib və bu, regionda daha geniş münaqişə riskini artırıb: "Bununla əlaqədar nazirlər bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə, təmkinli olmağa çağırıblar".
K.Kallas əlavə edib ki, görüşün bütün iştirakçıları təcili deeskalasiya zərurəti ilə razılaşıblar. Qeyd olunub ki, diplomatiya bunun qarşısını almaq üçün həll yoludur. Aİ də bu məsələdə öz rolunu oynamağa hazırdır.
"İran nüvə silahına malik ola bilməz", – o sonda bildirib.