• 29 °C
|

Aİ Ukraynanın bərpası üçün 2,3 milyard avro məbləğində yeni yardım paketi elan edib – YENİLƏNİB

10 İyul 2025
img

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın bərpa və yenidənqurma səylərini dəstəkləmək üçün 2,3 milyard avro həcmində yeni paket elan edib.

"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında bildirilib.

"Ukrayna hər gün enerji, təhsil və mədəniyyət sahələrində Aİ-yə yaxınlaşır. Avropa Ukraynanı dəstəkləyir", – fon der Lyayen Romada keçirilən Ukraynanın Bərpası üzrə Konfransda çıxışı zamanı bildirib.

Qeyd olunub ki, “Ukraine Investment Framework” çərçivəsində beynəlxalq və ikitərəfli dövlət maliyyə qurumları ilə imzalanmış 2,3 milyard avro məbləğində yeni sazişlər paketi 1,8 milyard avro kredit zəmanətləri və 580 milyon avro qrantları əhatə edir.

Bu vəsaitlər, xüsusilə, kiçik və orta biznesin dəstəklənməsinə (zəmanətlər və qrantlar şəklində 500 milyon avro); enerji, nəqliyyat və istehsal kimi əsas sektorlarda özəl sektorun böyük layihələrinə (600 milyon avro); müharibədən zərər çəkmiş bölgələrdə bələdiyyə infrastrukturuna, o cümlədən səhiyyəyə, mənzil təminatına (520 milyon avro) və s. yönəldiləcək.

15:20

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropanın Ukraynaya lazım olduğu qədər dəstək verəcəyini bəyan edib.

"Report" “The Guardian”a istinadən verdiyi məlumata görə, o, Romada Ukraynanın bərpası ilə bağlı konfransda deyib ki, Avropa İttifaqı (Aİ) münaqişənin əvvəlindən Ukraynaya davamlı dəstək göstərib və buna davam edəcək.

Ursula fon der Lyayen bildirib ki, Aİ Ukraynanın ən böyük donoru olaraq qalır və 165 milyard avro dəstək göstərib.

O, həmçinin konfrans çərçivəsində imzalanmış 1 və 3 milyard avro məbləğində yeni qrantların verilməsini, eləcə də Ukraynanın bərpası üçün yeni fondun – rekonstruksiya sahəsində dünyanın ən böyük birbaşa investisiya fondunun yaradılmasını elan edib. Onun fəaliyyətində xüsusi diqqət energetika, nəqliyyat, xammal sahələrinə yönəldiləcək. Fonda artıq İtaliya, Almaniya, Fransa, Polşa və Avropa İnvestisiya Bankı qoşulub.

Bundan əlavə, fon der Lyayen qeyd edib ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük yolunda növbəti addıma – təşkilata daxil olmaq ilə bağlı danışıqların ilk klasterini açmağa hazırdır.