Fransa Silahlı Qüvvələr Nazirliyi ilin sonunadək 8 milyard avro məbləğində müdafiə sifarişləri üzrə borcları ödəməlidir.
“Report” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Telekanala görə, söhbət “müdafiə şirkətlərindən sifariş edilən, lakin hələ ödənilməyən hərbi texnikadan” gedir. Kanal qeyd edib ki, müdafiə müəssisələri “ölkənin kreditlə silahlanması səbəbindən həyəcan təbili çalırlar”.
Ödənilməmiş hesablarla bağlı narahatlığını xüsusilə “Airbus” və “Thales” şirkətləri ifadə ediblər.
“2024-cü ildə Fransa parlamenti tərəfindən qəbul edilmiş hərbi planlaşdırma qanunu 2030-cu ilədək yenidən silahlanma üçün 413 milyard avro ayrılmasını nəzərdə tutsa da, büdcənin bir hissəsi artıq xərclənib, çünki 99 milyard avro əvvəlki öhdəliklərin yerinə yetirilməsinə gedəcək”, – BFMTV bildirib. Kanala görə, yeni sifarişlər üçün nəticədə o qədər də çox vəsait qalmaya bilər.