Bu həftə Anqolanın paytaxtı Luandada baş verən iğtişaşlar zamanı 22 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə Anqolanın daxili işlər naziri Manuel Omin respublika prezidenti Joau Lourensonun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında bildirib.
"Həlak olanlar arasında bir polis də var. Daha 197 nəfər yaralanıb. Qarət şübhəsi ilə 1214 nəfər həbs edilib", – "Jornal de Angola” qəzeti nazirin sözlərindən sitat gətirib.
M.Omin əlavə edib ki, güc strukturları ictimai asayişin qorunması üçün bütün lazımi tədbirləri görür.
Xatırladaq ki, Luandada iğtişaşlar 28-29 iyul tarixlərində hökumət əleyhinə nümayişlər zamanı baş verib. Etiraz aksiyasının iştirakçıları hökumətin yanacağa subsidiyaları ləğv etməsi nəticəsində bahalaşan benzin və dizel yanacağının qiymətinin azaldılmasını tələb ediblər. İğtişaşlar zamanı təxminən 50 mağaza və bank şöbəsi qarət edilib. Şəhər infrastrukturuna böyük ziyan dəyib.