• 30 °C
|

Ukraynanın Təhlükəsizlik Xidmətinin polkovnikini öldürən Rusiya agentləri zərərsizləşdirilib

13 İyul 2025
img

Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə xüsusi əməliyyat çərçivəsində Kiyevdə UTX-nin polkovnikini öldürən xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanı özünün teleqram kanalında məlumat yayıb.

Xüsusi əməliyyata UTX-nin rəhbəri Vasili Malyukun şəxsən rəhbərlik etdiyi qeyd olunur.

"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilib və üç gün əvvəl UTX-nin əməkdaşı, polkovnik yoldaşımız İvan Voroniç öldürülüb. Gizli axtarış və aktiv əks-kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin məkanı aşkar edilib. Həbs zamanı müqavimət göstərməyə başlayıblar, atəş açanlar zərərsizləşdirilib", – Malyuk deyib.

İstintaqın məlumatına görə, ukraynalı polkovnikin qətlini iki nəfər – kişi və qadın törədib. Onların idarəçisi UTX-nin əməkdaşını izləməyi, onun gündəlik cədvəlini və səyahət marşrutlarını təyin etməyi əmr edib.

Xatırladaq ki, iyulun 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, 5 güllə yarası alıb və hadisə yerində ölüb.