• 21 °C
|

WP: ABŞ İranın İsrailə hücumunu dəf etmək üçün “Patriot” və THAAD tətbiq edib

14 İyun 2025
img

ABŞ İsrailin hücumuna İranın raket cavabını dəf edərkən “Patriot” və THAAD raketəleyhinə komplekslərdən istifadə edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti amerikalı hərbi rəsmilərə istinadən məlumat yayıb.

“Əvvəlcə [keçmiş ABŞ Prezidenti Cozef] Bayden administrasiyası tərəfindən yerləşdirilmiş və amerikalı hərbçilər tərəfindən xidmət göstərilən “Patriot” və THAAD raketəleyhinə müdafiə batareyaları cümə axşamı İsrailin hava hücumundan müdafiəsində iştirak ediblər”, – məqalədə bildirilib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı “Qalxan şir” əməliyyatını həyata keçirib. Əməliyyatın adı Əhdi-Ətiqin Saylar Kitabının bir parçasından seçildiyi güman edilir: “Budur, xalq dişi aslan tək oyanır, şir kimi qalxır, şikarını yeməyincə, ölənlərin qanını içməyincə yatmayacaq”.

İsrail hərbi hava qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib, zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, “Sepah” rəhbəri, bir sıra digər hərbi komandanlar, həmçinin nüvə alimləri ölüb, İranın mülki əhalisi arasında da həyatını itirənlər var.

İsrail Müdafiə Qüvvələrinin (İMQ) nümayəndəsi İranın nüvə potensialını və ballistik raketlər sahəsindəki potensialını məhv etmək əməliyyatının bir neçə gün davam edəcəyini açıqlayıb. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirərkən heç bir məhdudiyyət qoymayacaqlarını bildirib.

Daha sonra İran İsrailin hərbi infrastrukturuna, o cümlədən Təl-Əviv, Aşdod, Hayfa və Beər-Şevadakı strateji obyektlərə cavab hücumu həyata keçirdiyini bildirib.