Cənubi Koreya prokurorluğu keçmiş Prezident Mun Çje İnin qızı Mun Da Heyə qarşı ciddi ittihamlar irəli sürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat verib.
Məlumata görə, qadın sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və qeydiyyatdan keçməmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.
İstintaqın məlumatına əsasən, 2024-cü ilin oktyabrında Mun Da He "Hyundai Casper" krossoverinin sükanı arxasında olarkən Seulun hərəkətli İthevon rayonunda qəza törədib. Maraqlıdır ki, avtomobil əvvəllər onun atasına məxsus olub və 2021-ci ildə regional avtomobil sənayesinə dəstək üzrə dövlət proqramı çərçivəsində əldə edilib. Qadının qanında alkoqolun səviyyəsi 1,49 promil təşkil edib ki, bu da Cənubi Koreyada icazə verilən 0,8 promildən demək olar, iki dəfə çoxdur.
Bundan əlavə, prokurorluq Mun Da Heni məşhur onlayn xidmət vasitəsilə qeyri-qanuni olaraq daşınmaz əmlak icarəyə verməkdə ittiham edir. Qadın sahibkar kimi rəsmi qeydiyyatdan keçmədiyi halda, Seulun mərkəzində studiya-mənzili və azmərtəbəli binanı, həmçinin kurort zonası olan Cedjudo adasında ev icarəsindən gəlir əldə edib.