• 29 °C
|

Hüqo Gevara: ABŞ həmişə Azərbaycandan olan tələbələr üçün populyar istiqamət olub

17 May 2025
img

ABŞ həmişə Azərbaycandan olan tələbələr üçün populyar istiqamət olub.

“Report”un məlumatına görə, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara EducationUSA məzunlarının yarmarkasının açılışında bildirib.

Onun sözlərinə görə, uzun illərdir ki, azərbaycanlı tələbələr ali təhsil almaq üçün ölkə seçərkən ABŞ-yə üstünlük verirlər: "Son illərdə bu maraq əhəmiyyətli dərəcədə artıb: 2023/2024-cü tədris ilində ABŞ universitetlərində Azərbaycandan 1130 tələbə təhsil alıb – bu, əvvəlki illə müqayisədə 25,4 % çoxdur. Artıq dördüncü ildir ki, biz bu cür yüksək artım müşahidə edirik. Bu məlumatlar Amerika təhsilinin keyfiyyətinə artan maraq və etimaddan xəbər verir".

Gevara qeyd edib ki, ABŞ-də təhsil alan azərbaycanlı tələbələr bir növ "mədəniyyət səfirləri" olurlar.

"Onlar təkcə dünya səviyyəli təhsil almırlar, eyni zamanda öz mədəniyyətlərini təmsil edir, dostluq əlaqələri qurur və Azərbaycanın gələcəyinə təsir edə biləcək yeni ideyaları vətənə gətirirlər. Bir çoxları Amerika universitetlərini seçirlər, çünki ABŞ təhsil sahəsində dünya lideri hesab olunur. Dünyanın ən yaxşı universitetlərindən bir neçəsi bizdədir, həmçinin təqaüd almaq üçün geniş imkanlar var – bura müxtəlif təhsil müəssisələri tərəfindən bütün idman növləri üzrə təqdim olunan təqaüdlər də daxildir", – müvəqqəti işlər vəkili vurğulayıb.