
Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İdman TV-nin birgə əməkdaşlığı çərçivəsində məktəblilər arasında “Böyük tənəffüs” adlı idman yarışı televiziya layihəsinə start verilib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi ümumi təhsil müəssisələrində təhsilalanların fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlərin psixoloji inkişafını dəstəkləməkdir.
Layihə fiziki tərbiyə fənninin kurikulum tələbləri, təlim nəticələri və şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.Cari tədris ilində yarışlar Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) qoşulmuş 27 ümumtəhsil məktəbi arasında keçirilir. Yarışlar TOPs pedaqoji metodologiyasına əsaslanan estafet formatında təşkil olunur. Enerji, komanda ruhu və idman həyəcanı – “Böyük tənəffüs” layihəsinin anons videosu ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=WP8JBvprrvQ
Yarışın buraxılışlarını İdman TV kanalından izləmək mümkündür.