
2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb. Belə ki, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modelinin xidmət edəcəyi bildirilir. Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş və hədəfli tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Cari tədris ilində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində təşkil edilib. Həmin məktəblərdə proqram üzrə X siniflər üzrə 1178 nəfər, XI siniflər üzrə isə 406 nəfər olmaqla, ümumilikdə 1584 şagird təhsil alır və bu prosesə xüsusi meyarlar əsasında seçilmiş 263 müəllim cəlb edilib.
Azərbaycan məktəbləri yeni təmayül tədris modelinə hazırdırmı?
Yeni təmayül tədris modelinin tətbiqi ilə bağlı əsas suallardan biri isə bu modelin şagird və valideynlərin real ehtiyaclarına nə dərəcədə cavab verməsidir. Tədrisin daha məqsədyönlü və dərinləşdirilmiş təşkili ali məktəbə hazırlaşan şagirdlər üçün imkanlar yaratsa da, məktəb dəyişikliyi, uzaq məsafə, yeni təhsil mühitinə uyğunlaşma və seçim imkanlarının məhdudlaşması kimi məsələlər də diqqətdən kənarda qalmamalıdır. Bəs yeni təmayül modeli Azərbaycanda necə qurulub, tətbiq zamanı bütün tərəflərin maraqları nəzərə alınırmı və şagirdlər üçün yaradılan yeni imkanlarla yanaşı, ortaya çıxan çətinliklər necə həll olunacaq?
Məktəb dəyişikliyi şagirdlər üçün əlavə çətinlik yaradır
Valideynlərin sözlərinə görə, məktəblərdən onlara bildirilib ki, şagirdlər ya texniki, ya da humanitar təmayül üzrə qeydiyyatdan keçərək təmayül sinfində təhsillərini davam etdirməli, yaxud məktəblərini dəyişməlidirlər.
Məsələ ilə bağlı APA-ya danışan valideyn qeyd edib ki, bu qərar onun üçün bir neçə baxımdan ciddi çətinlik yaradır: “Övladım artıq 10 ildir eyni məktəbdə təhsil alır. Onun bu mərhələdə, xüsusilə də ali məktəbə hazırlaşdığı ərəfədə məktəbini dəyişməsi həm mənim, həm də övladım üçün əlavə psixoloji gərginlik deməkdir. Şagird illər ərzində öyrəşdiyi müəllimlərdən, pedaqoji kollektivdən və sinif yoldaşlarından ayrılaraq tamamilə yeni mühitə uyğunlaşmalı olacaq. Digər tərəfdən, məktəblərin hamısı yaşayış yerinə yaxın deyil. Hazırda övladım üçün evimizdən daha uzaqda yerləşən məktəb seçmək məcburiyyətində qalmışam. Bu isə onun hər gün məktəbə gedib-gəlməsini çətinləşdirir. Üstəlik, 11-ci sinif şagirdinin dərsdən sonra ali məktəbə hazırlıqla məşğul olduğunu nəzərə alsaq, yolda itirilən əlavə vaxt həm fiziki, həm də psixoloji baxımdan onun üçün ciddi yük yarada bilər.
Əlbəttə, təmayüllü tədris modelinin tətbiq edilməsinin məqsədi şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətləndirilməsi, gələcək təhsil və karyera seçimlərinə daha yaxşı hazırlaşdırılmasıdır. Lakin hər bir pilot layihə tətbiq edilərkən onun şagirdlər və valideynlər üçün yarada biləcəyi çətinliklər də əvvəlcədən nəzərə alınmalıdır. Mənim fikrimcə, ən optimal variant məktəblərdə təmayüllü siniflərlə yanaşı, ənənəvi tədris modelinin də saxlanılması olardı. Heç olmasa bir sinifdə ənənəvi tədrisin davam etdirilməsi təmin edilə bilərdi. Beləliklə, təmayül seçmək və bunun üçün məktəbini dəyişmək məcburiyyətində qalmaq istəməyən şagirdlər təhsil aldıqları məktəbdə qala bilərdilər. Nəticə etibarilə, hər hansı təhsil islahatı və ya pilot layihə həyata keçirilərkən yalnız nəzərdə tutulan nəticələr deyil, onun şagirdlərin və valideynlərin gündəlik həyatında yaradacağı çətinliklər də nəzərə alınmalıdır. Şagirdlərin gələcəyi və təhsil imkanları düşünülürsə, həmin dəyişikliklərin yaratdığı əlavə psixoloji, fiziki və sosial yükə uyğun alternativ həll yolları da təklif edilməlidir. Bu baxımdan, təmayüllü tədris modelinin tətbiqi ilə yanaşı, seçim imkanının saxlanılması həm valideynlərin narahatlığını, həm də şagirdlərin üzləşə biləcəyi əlavə gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər”.
Alternativ imkanların saxlanılması vacibdir
Təhsil eksperti Elçin Əfəndibildirir ki, təmayüllü siniflərin yaradılması şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətdə daha keyfiyyətli təhsil almasına və nəticələrinin yaxşılaşmasına kömək edə bilər: “Xüsusilə də təhsilini müəyyən istiqamət üzrə davam etdirmək istəyən şagirdlərin həmin sahəyə daha dərindən yönləndirilməsi onların bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcək. Lakin məktəblərin tamamilə təmayüllü tədris modelinə keçirilməsi zamanı alternativ imkanların da saxlanılması vacibdir.
Məsələn, təmayüllü siniflərlə yanaşı, ənənəvi tədrisin davam etdiyi ən azı bir sinfin olması şagirdlərə seçim imkanı verərdi. Belə olduqda təmayül seçmək istəməyən və ya məktəbini dəyişmək məcburiyyətində qalmaq istəməyən şagirdlər öz təhsil aldıqları məktəbdə qala və biliklərini inkişaf etdirməyə davam edə bilərdilər. Düşünürəm ki, bu cür yanaşma həm şagirdlərin təhsil göstəricilərinin yüksəlməsinə, həm də məktəblərdə daha sağlam və səmərəli təhsil mühitinin formalaşmasına imkan yaradardı. Əsas məqsəd isə şagirdlərin hansı istiqamətdə daha uğurlu ola biləcəyini nəzərə almaq və onlara bunun üçün mümkün qədər geniş seçim imkanı yaratmaq olmalıdır”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevadeyir ki, yeni təmayül tədris modeli tam orta təhsildə şagird üçün daha sistemli təhsil imkanı yarada bilər:
“2026–2027-ci tədris ilindən etibarən yeni təmayül tədris modelinin daha geniş tətbiq olunması, tam orta təhsildə yeniliklər şagirdlərin ali təhsilə hazırlığı baxımından müsbət addımdır. Yeni modelin əsas məqsədi 10–11-ci sinif şagirdlərinə, xüsusilə ali məktəbə hazırlaşanlara, məktəb daxilində daha yüksək səviyyəli və məqsədyönlü təhsil xidməti göstərməkdir. Ötən il modelin 14 məktəbdə tətbiq olunması və əldə edilən nəticələrin müsbət qiymətləndirilməsi onun daha geniş miqyasda tətbiqinə əsas yaradıb. Növbəti tədris ilində 90 məktəbdə modelin tətbiqinin nəzərdə tutulması da bu baxımdan təhsildə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Burada xüsusilə müəllim seçiminə diqqət yetirilməsi, yüksək nəticə göstərən müəllimlərin bu məktəblərə cəlb olunması və şagirdlərin əvvəlki illərdə qazandıqları baza biliklərinin möhkəmləndirilməsi əhəmiyyətlidir”.
Məktəb dəyişikliyi ilə bağlı çətinliklər
Deputat bildirib ki, 9 il eyni məktəbdə təhsil alan şagirdin ali məktəbə hazırlaşdığı son mərhələdə məktəbini dəyişməsi müəyyən psixoloji və praktiki çətinliklər yarada bilər: “Şagird artıq öz məktəb mühitinə, müəllimlərinə və sinif yoldaşlarına uyğunlaşıb. Ona görə də keçid mexanizmləri hazırlanarkən uşağın psixoloji rahatlığı və ailənin imkanları da nəzərə alınmalıdır. Lakin burada məsələni yalnız “məktəbini dəyişmək” kimi qiymətləndirmək də düzgün olmaz. Dünyanın bir sıra təhsil sistemlərində icbari təhsildən sonra şagirdlərin gələcək istiqamətlərinə uyğun olaraq fərqli təhsil trayektoriyalarına yönləndirilməsi praktikası mövcuddur. Bizdə də 10–11-ci siniflərin sadəcə ümumi təhsilin davamı kimi deyil, şagirdin gələcək peşə və təhsil istiqamətinə hazırlaşdığı mərhələ kimi formalaşdırılması məqsədəuyğun görünür”.
Ənənəvi sinfin saxlanılması məsələsi
Onun sözlərinə görə, hər məktəbdə paralel olaraq ən azı bir ənənəvi sinfin saxlanılması məsələsinə isə şagird seçiminin və real tələbatın kontekstində yanaşılır: “Mən hesab edirəm ki, burada əsas prinsip şagirdin seçim imkanının peşə və ixtisas istiqamətində qorunması olmalıdır. Əgər şagird müəyyən səbəbdən təmayül məktəbinə keçmək istəmirsə və ya onun seçdiyi istiqamət üçün başqa format daha uyğundursa, alternativ imkanların olması vacibdir. Bu, mütləq hər məktəbdə ayrıca ənənəvi sinif açılması demək deyil. Alternativ mexanizm məktəblərarası təşkil oluna bilər. Alternativlərdən biri də peşə təmayüllü siniflər olmalıdır. Əsas məsələ odur ki, yeni model tətbiq edilərkən şagird və valideyn üçün seçim imkanları tamamilə aradan qalxmasın”.
Təmayül modelinin tətbiqi repetitorluq tamamilə aradan qalxmayacaq
Mehriban Vəliyeva vurğulayıb ki, yeni təmayül tədris modelinin ən mühüm üstünlüklərindən biri də məktəbdə verilən təhsilin ali məktəbə hazırlıqla daha sıx əlaqələndirilməsi potensialıdır: “Şagird məktəbdə seçdiyi istiqamət üzrə dərin və sistemli bilik əldə edirsə, müəllim heyəti peşəkar şəkildə seçilirsə və aşağı siniflərdən formalaşan bilik boşluqları 10–11-ci siniflərdə məqsədli şəkildə aradan qaldırılırsa, bu, repetitora olan ehtiyacı azalda bilər.
Amma hesab etmirəm ki, yalnız təmayül modelinin tətbiqi ilə repetitorluğun tamamilə aradan qalxacağını demək mümkündür. Bunun üçün məktəb təhsilinin keyfiyyəti, müəllimin hazırlığı, tədris proqramlarının məzmunu, qiymətləndirmə sistemi və ali məktəbə qəbul mexanizmləri bir-biri ilə uyğunlaşdırılmalıdır. Yəni təmayül modeli repetitorluğa alternativ ola bilər, amma bunun üçün məktəb şagirdə real olaraq həmin səviyyədə hazırlıq verməlidir.
Məncə, 10–11-ci siniflərdə bütün şagirdlərin eyni təhsil modelində saxlanılması artıq müasir tələblərə tam cavab vermir. İcbari təhsildən sonra şagirdlərin maraq və bacarıqlarına, eləcə də gələcək planlarına uyğun olaraq qruplaşdırılması daha səmərəli nəticə verə bilər. Ali məktəbə hazırlaşan şagird təmayül istiqamətində daha dərin və məqsədyönlü təhsil almalı, digər şagirdlər isə peşə təhsili, orta ixtisas təhsili və digər istiqamətlərə yönləndirilə bilməlidir. Bu zaman 10–11-ci sinifləri sadəcə “oxumaq xatirinə” davam etdirmək əvəzinə, həmin mərhələ şagirdin gələcək həyatına və peşə seçiminə hazırlıq dövrünə çevrilir.
Əlbəttə, belə bir sistem birdən-birə deyil, mərhələli və sistemli şəkildə həyata keçirilməlidir. Şagirdin seçim hüququ, məktəblərin imkanları, regionlar üzrə fərqlər və müəllim təminatı nəzərə alınmalıdır. Düşünürəm ki, bu şərtlər təmin olunarsa, təmayül tədris modeli həm tam orta təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də uzun müddətdə repetitorluğa olan asılılığın azalmasına ciddi töhfə verə bilər”.
MÜTDA: Şagirdə alternativ məktəbdə təhsilini davam etdirmək imkanı yaradılır
MÜTDA-dan sorğumuza cavab olaraq bildirilib ki, təmayül tədris modelinin tətbiq olunduğu pilot məktəblərdə şagirdlərin təhsil istiqamətinin müəyyənləşdirilməsi zamanı onların maraq və meyilləri, gələcək karyera planlarına uyğun olaraq ixtisas seçimləri nəzərə alınır və şagirdlər məktəbdə təqdim olunan təmayül istiqamətlərindən birini seçərək həmin istiqamət üzrə təhsil almaq üçün müvafiq məktəbə müraciət edirlər: “Təmayül qruplarının formalaşdırılması şagirdlərin seçimləri və həmin istiqamət üzrə müraciətlərin sayı əsasında həyata keçirilir. Belə ki, müəyyən təmayül istiqaməti üzrə kifayət qədər şagird müraciəti formalaşdıqda həmin istiqamət üzrə qrup açılır və tədris prosesi müvafiq tədris planına uyğun təşkil edilir.
Şagirdin seçdiyi təmayül istiqaməti üzrə təhsil aldığı məktəbdə təmayül qrupunun formalaşdırılması üçün yetərli sayda şagird müraciəti olmadıqda, həmin istiqamət üzrə təhsilini davam etdirməsi üçün alternativ imkan yaradılır. Belə ki, şagirdə seçdiyi təmayülün tətbiq olunduğu digər məktəbdə təhsilini davam etdirmək təklif edilir.
Bu halda şagirdin digər məktəbə keçirilməsi və ya yerdəyişməsi müəyyən edilmiş qaydada həyata keçirilir. Alternativ məktəbin müəyyənləşdirilməsi zamanı şagirdin seçdiyi təmayül istiqaməti nəzərə alınır.
Qeyd etmək lazımdır ki, təmayül tədris modelinin əsas məqsədi şagirdlərin seçimlərini məhdudlaşdırmaq deyil, onların gələcək təhsil və ixtisas istiqamətlərinə uyğun daha məqsədyönlü və dərinləşdirilmiş təhsil almasına şərait yaratmaqdır. Bu səbəbdən şagirdin seçdiyi təmayülün öz məktəbində təşkil olunmadığı hallarda həmin istiqamətin fəaliyyət göstərdiyi digər məktəbdə təhsilini davam etdirməsi üçün müvafiq imkan təqdim olunur”.
Nəticə etibarilə, yeni təmayül tədris modeli məktəbdə ali təhsilə hazırlığın gücləndirilməsi baxımından mühüm imkan yaratsa da, onun uğurlu tətbiqi yalnız tədrisin keyfiyyəti ilə deyil, şagird və valideynlərin qarşılaşdığı real çətinliklərin necə həll olunması ilə də bağlıdır. Məktəb dəyişikliyi, məsafə, psixoloji uyğunlaşma və seçim imkanları nəzərə alınmadan tətbiq edilən model müəyyən narazılıqlara səbəb ola bilər. Bu səbəbdən təmayül tədrisi ilə yanaşı, şagirdlər üçün əlçatan alternativlərin və seçim imkanlarının qorunması vacibdir.