Asiya İnkişaf Bankı (ADB) "Mərkəzi Asiya-Azərbaycan Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin I mərhələsi üçün texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması məqsədilə konsaltinq şirkətinin seçilməsi üzrə beynəlxalq tender elan edib.
"Report" ADB-yə istinadən xəbər verir ki, konsaltinq xidmətlərinin yerinə yetirilmə müddəti 11 ay, ümumi büdcəsi isə 1 milyon ABŞ dolları təşkil edəcək.
Layihəni ADB və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) paritet əsasda birgə maliyyələşdirir. ADB satınalma prosesini əlaqələndirir, tenderin başa çatmasından sonra isə AİİB seçilmiş məsləhətçilərlə birbaşa müqavilələr bağlayacaq.
Ərizələrin təqdim edilməsi üçün son tarix 16 iyul 2025-ci ildir. İşlərin başlanmasının gözlənilən tarixi 3 noyabr 2025-ci ildir.
Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan ADB və AİİB-in dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəliblər. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji təchizatı marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında əməkdaşlıq haqqında saziş imzalayıblar.
Layihə 2024-cü ilin noyabrında COP29 konfransı çərçivəsində üç dövlətin liderləri arasında imzalanmış "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq haqqında sazişin davamı olub.