• 27 °C
|

“Azərbaycan” İES-in iki enerji blokunun buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib

24 İyun 2025
img

“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) iki enerji blokunun buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib.

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərenerji” ASC istehsal operatorunun baş mühəndisi Fariz Zeynalov şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan” İES-in ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikintisinə qərar verilib:

“2023-cü il fevralın 13-də 1880 MVt-lıq yeni elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertlər cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış AFRY şirkəti seçilib.

Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması adətən 1 ildən çox vaxt tələb etsə də, İspaniyanın “İDOM” şirkəti ilə “AzərEnerji”nin Energetika İnstitutu”nun mütəxəssisləri tikinti işləri ilə paralel olaraq layihələndirmə işlərini həyata keçiriblər. Tikintinin baş podratçısı ixtisaslaşmış yerli şirkət BCC Group seçilib”.

Baş mühəndis stansiya ərazisində 15 min m³-dən artıq svay vurulduğunu və 7 min 200 ton metal konstruksiya işi görüldüyünü qeyd edib:

“Dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda yeni qaz xətti inşa olunub, iki qaz paylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb.

Yeni stansiyanın enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin “Mingəçevir–Samux” ötürmə xətti və “Samux” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib.

Ümumi effektivliyi artırmaq məqsədilə “Azərenerji” Mingəçevirdəki “Azərbaycan” İES-in iki enerji blokunun buxar turbinlərini zəmanətli əsaslarla modernləşdirib”.

F.Zeynalov diqqətə çatdırıb ki, yeni elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram azalaraq 225 qram təşkil edir:

“Bu, illik 1 milyard kub metr təbii qaza qənaət və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını alır. Faydalı iş əmsalı 17 faiz artaraq 38,5-dən 55,5 faizə yüksəlib.

Adətən, belə böyük stansiyalar 3-5 ilə tikilsə də, Azərbaycan layihəni 2 il ərzində tamamlayıb. Digər ölkələrdəki analoqlarla müqayisədə isə bu stansiyanın tikintisinə xərclənən vəsait bir neçə dəfə az olub. Yeni stansiya müstəqil və qüdrətli Azərbaycanın etibarlı enerji təminatının qoruyucusu olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 24-də Mingəçevirdə "8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.