• 25 °C
|

Azərbaycan Şahmat Federasiyasının prezidenti: “Çempionlarımızı əlavə mükafatlandırmaq istəyirdik”

30 Aprel 2025
img

Azərbaycan Şahmat Federasiyası fevralda keçirilən ölkə çempionatının qaliblərini əlavə mükafatlandırmaq üçün Bakıda “Çempionlar savaşı” turnirini təşkil edib.

“Report” xəbər verir ki, bu barədə federasiyanın prezidenti Mahir Məmmədov turnirin mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, turnirin maraqlı keçdiyini vurğulayıb:

“Bu ideya Azərbaycan çempionlarına göstərdiyimiz hədsiz diqqətdən irəli gəlir. Bu ilin fevralında təşkil etdiyimiz Azərbaycan çempionatı ölkədə və dünyada böyük rezonans yaratdı. Rauf Məmmədov və Günay Məmmədzadə Azərbaycan çempionu oldular. Bundan sonra çempionlarımızı nə iləsə əlavə mükafatlandırmaq istəyirdik. Dünya çempionlarına bir çağırış, maraqlı oyun formatı və muzey şəraitində bir yarış təşkil etdik”.

Qurum rəhbəri nadir gedişlər izlədiyini də söyləyib:

“Oyunlar çox maraqlı keçdi. Son dəqiqələrdə bizim çempionlar dünya çempionlarına qalib gəldilər. Matçlar yoldaşlıq xarakteri daşısa da taxta arxasında gərgin mübarizə şəraitində davam etdi. Maraqlı kombinasiyalar olurdu. Hətta şahmatda nadir görünən gesişlərin şahidi oldum. Ümumiyyətlə bu maraqlı mübarizəni izləyənlər təəccübləndilər. İştirakçılara dünya, həmçinin Azərbaycan çempionlarına təşəkkürümü bildirmək istəyirəm".

Qeyd edək ki, rapid və blits oyunlarının nəticəsinə əsasən, Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.

Digər görüşdə isə qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.