
“Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. S. Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb”.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.
Məlumatda, həmçinin, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
***
20:38
03.01.2026-cı il tarixində saat 17:35 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 qadın, 3 kişi olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat verib.
Məlumata görə onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Xəsarət alan şəxslərdən bir nəfər cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin ölüm faktı qeydə alınıb.
Digər xəsarət alan şəxslərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
18:49
Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, qəzada ölənlərin 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova olduğu bildirilir.
Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş.
***
17.50
Astarada yol qəzası baş verib.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.
Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.