
Külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun cinayət idi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə kecirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.
Prokuror Abbas Hətəmovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmə Abbas Hətəmovun 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki, ittihama görə, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovdan oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltmək adı ilə söz verib.
Həmçinin Abbas Hətəmovun digər dələduzluq əməllərinin olduğu da qeyd edilib.
O, 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.