• 25 °C
|

Həftəsonu bank kartlarından 32 min manat oğurlanıb

23 İyun 2025
img

"Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır."

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 20 000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb.

"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz", DİN-dən bildirilib.

DİN vətəndaşları bir daha xəbərdar edir ki:
• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,
• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,
• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

Qeyd edilib ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.