• 5 °C
|

Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxlayıb – VİDEO

25 Dekabr 2025
img

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.

DİN-dən APA-ya verilən məlumata görə, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1.000.000 manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar.

"Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə “yüksək”, “perspektivli” qazanc vədi verən “kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur", DİN-in məlumatında deylir.