• 24 °C
|

Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbləri barədə araşdırma başlanılıb – YENİLƏNİB-1

9 İyun 2025
img

Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbi məlum olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucovun jurnalistlərə verdiyi açıqlamaya görə, Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kassap dönər”də 17 nəfər kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olan kimi təxirəsalınmaz tədbirlər agentlik tərəfindən görülüb:

"Əməkdaşlarımız hadisə baş vermiş dönərxanada müvafiq tədbirləri həyata keçirib, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, müvafiq tədbirlər görülüb və nümunələr seçilərək Naxçıvan qida təhlükəsizliyi institunun labaratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Ətraflı nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".

Qurum rəsmisi bildirib ki, baş verən hadisə həm mövsümlə də, həm də məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.

"Araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanılması və ya emalı müəsissəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan souslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib, qida təhlükəsizlik institunun labaratoriyasına təqdim olunub. Ümumiyyətlə, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub. Həmin aktda qeyd olunan temperatur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahidələr zamanı istifadə olunan moyanez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmağı, gigiyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur".

***

12:28

"Zəhərlənənlərin 9 nəfəri azyaşlı olub".

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva deyib.

Həkim bildirib ki, iyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub: "Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, bizdə zəhərlənmə halının çox olduğu barədə məlumat var. Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib".

***

09:23

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi.