İyunun 16-da saat 01:30 radələrində xəsarət alan 2 nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Onlardan 1979-cu il təvəllüdlü şəxsə (kişi cinsli) qarının ön divarının kəsilmiş-deşilmiş yarası və başın saçlı dəri nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin olunub və əməliyyat edilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. 1985-ci il təvəllüdlü şəxs isə (qadın cinsli) başın tüklü hissəsinin açıq yarası diaqnozu ilə hospitalizasiya edilib və zəruri tibbi xidmət göatərildikdən sonra ambulator müalicəyə buraxılıb", məlumatda deyilir.
***
12.39
Qazaxda baş verən quldurluq hadisəsinin təfərruatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qazaxbəyli kənd sakini 1979-cu il təvəllüdlü Emin Allahverdiyevin evinə gələn oğru onun övladının kiçik toy məclisindən yığılan pulu oğurlamaq istəyib. Bu məqsədlə ev sahibini bıçaqlayıb, həyat yoldaşı Kəmalə Allahverdiyevaya xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
Quldurluq edən şəxsin zərərçəkən ailənin tanıdığı şəxs olduğu bildirilir. Həmin şəxs zərərçəkən Emin Allahverdiyevin atası ilə 10 il birlikdə işləyib. Quldurluğa gələn şəxs evə daxil olan zaman zərərçəkmişin həyat yoldaşı onu görüb. Bu zaman masqalı şəxs qadının başına küt ailətlə vurub, o, huşunu itirərək yıxılıb. Səsə gələn Emin Allahverdiyevə də kəsici ailətlə xəsarət yetirib. Qonşular səsi eşidərək gəlib, quldurluğa gələn şəxsi tutub polisə təhvil veriblər.
***
16 iyun, 21.56
İyunun 16-da gecə saatlarında Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə naməlum şəxs daxil olaraq ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.