• 12 °C
|

Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb – VİDEO – YENİLƏNİB

22 Mart 2026
img

Sumqayıt şəhərində bayram tonqalında baş verən partlayış nəticəsində 11 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, hadisə martın 21-də saat 21:10 radələrində şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Zərərçəkənlərdən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına yerləşdirilib. Ümumilikdə 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***
22:49

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.