• 28 °C
|

Yekaterinburq məhkəməsində 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib – FOTOLENT – YENİLƏNİB-6

29 İyun 2025
img

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

***

16:38

Yekaterinburq məhkəməsində Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

15:58

Yekaterinburq məhkəməsi növbəti azərbaycanlı, iyunun 27-də saxlanılan Əhliman Gənciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

APA-nın Rusiya bürosu xəbər verir ki, Gənciyev məhkəmə zalına gətirilib.

Onun üç uşaq atası və Rusiya Federasiyası vətəndaşı olduğu bildirilib.

Məhkəmə əvvəllər məhkum olunmayan Gənciyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi prosesini qapalı elan edib.

***

15:49

Yekaterinburq məhkəməsi Şahid Lalayev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.

Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

15:28

Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, artıq təqsirləndirilən Şahid Lalayev məhkəmə zalına gətirilib.

Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gənciyevin barəsinə həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək.

***

15:10

Yekaterinburq məhkəməsi Ayaz Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

APA-nən Rusiya bürosu xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Ayaz Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

***

14:35

Ayaz Səfərov məhkəmədə təqsirsiz olduğunu bildirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası da qapalı elan olunub.

Jurnalistlərin qərarın elanı zamanı zala buraxılmasına icazə veriləcəyi bildirilib.

***

13:53

Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur.

Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

13:27

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

APA-nın Rusiya bürosu xəbər verir ki, Ayaz Səfərov məhkəmə zalına gətirilib.

Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib.