• 4 °C
|

Ziya Bünyadov prospektində boya mağazasında yanğının yayılmasının qarşısı alınıb- FOTO – YENİLƏNİB-6 – VİDEO

21 Yanvar 2026
img

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.

APA nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

13.45

Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib", məlumatda qeyd olunub.

Gülcahan İman qızı

***

13.11

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

APA FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda sözügedən ərazidə olan mağazalar boşaldılır.

***

13.04

Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə mağazada yanğın baş verib.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

12.36

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12.34

Xəbərə video əlavə olunub.

***

12.18

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığında obyektlərin birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

12.04

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Foto – İlkin Nəbiyev © APAGROUP