“TECHNOFEST-2025” sayəsində yüz minlərlə kiprli türk gənc Türkiyənin və Azərbaycanın uğurlarına şahidlik etdi.
“Report”un Şimali Kiprə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar “TECHNOFEST-2025” festivalında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, TECHNOFEST Türkiyənin gələcəyinə texnoloji baxımdan yön verə biləcək, aviasiya, kosmos və texnologiya sahəsində keçirilən festival olmaqla yanaşı, gəncləri, elm və texnologiya sahəsində çalışan insanları bir araya gətirən, onlara ilham verən və gələcəyə ümidlə baxmalarına şərait yaradan çox önəmli platformadır.
E.Tatar Azərbaycanda keçirilmiş TECHNOFEST-in xüsusi önəm kəsdiyini vurğulayıb: "Festivalın bu il 11-cisi keçirilir. Onun doqquzu Türkiyədə, biri isə Azərbaycanın paytaxtı Bakıda baş tutub. Dəyərli Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi həmin tədbir də türk birliyi və türk dünyası baxımından olduqca əlamətdar idi. Azərbaycan da texnologiya sahəsində böyük uğurlar əldə edir və bu festival vasitəsilə bu uğurlar daha geniş auditoriyaya təqdim olunur”.
O qeyd edib ki, yüz minlərlə kiprli türk gənc bu festivallar vasitəsilə Türkiyənin və Azərbaycanın texnoloji nailiyyətlərinə şahidlik edir: "İndiyədək festivalda 100 mindən çox insan iştirak edib. Bu rəqəmin 150 minə, 200 minə çatacağını gözləyirik".
Foto: Vüqar Xanlarov