IV Sənaye İnqilabı dünya iqtisadiyyatının və cəmiyyətin bütün sahələrini əhatə edən dərin və sürətli transformasiya dövrünü simvolizə edir. Süni intellekt, əşyaların interneti, Data, avtomatlaşdırma, kvant texnologiyaları və 5G kimi yeniliklər artıq yalnız texnoloji inkişafa deyil, həm də sosial rifahın və məhsuldarlığın əsas hərəkətverici qüvvələrinə çevrilir. Bu prosesin dinamikliyi və texnologiyalararası inteqrasiyası onu əvvəlki sənaye inqilablarından fərqləndirir. Bəşəriyyətin bu yeni mərhələyə adaptasiyası isə təkcə texnoloji deyil, həm də institusional, sosial və iqtisadi dəyişiklikləri zəruri edir.
Azərbaycan da bu qlobal dəyişiklik fonunda rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi önəm verir. 2021-ci ildə ölkə Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyi nəzdində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) bu istiqamətdə strateji rol oynayan əsas qurumlardan biridir. Qlobal texnoloji trendləri izləyən və onların ölkədə tətbiqini təşviq edən Mərkəz, Azərbaycanın rəqabətqabiliyyətli və dayanıqlı gələcəyinin qurulmasında mühüm vəzifələr icra edir.
4SİM-in direktoru Fariz Cəfərov mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, texnoloji transformasiyanın iqtisadi və sosial təsirləri, eləcə də insan kapitalının inkişafı üçün görülən tədbirlərlə bağlı “Report”a müsahibə verib:
– 4SİM-in Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafında, xüsusilə də 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqinin stimullaşdırılmasında rolunu necə dəyərləndirirsiniz? Fəaliyyətinizin başlıca prioritetləri hansılardır?
– Hazırda qlobal sənaye IV böyük transformasiya mərhələsini yaşayır. Süni intellekt, kvant hesablamaları, 5G texnologiyaları, əşyaların interneti, biotexnologiyalar və avtomatlaşdırılmış sistemlər yalnız iqtisadi modelləri dəyişdirmir. Bunlar həm də istehsal, təhsil, səhiyyə, logistika və idarəetmənin gələcəyini yenidən dizayn edir. Bu prosesə IV Sənaye İnqilabı adı verilir və o, əvvəlki inqilablardan fərqli olaraq, həm sürətli yayılma, həm də texnologiyalararası sinerji ilə seçilir.
Bu inqilab dövlətlərin iqtisadi güc balansına təsir göstərir, rəqabət qaydalarını yenidən yazır. Qlobal səviyyədə rəqəmsal transformasiyanı vaxtında, məqsədyönlü şəkildə həyata keçirə bilən ölkələr – xüsusən insan kapitalını və texnoloji innovasiyanı önə çıxaranlar -yeni qlobal reallıqlarda lider mövqelər qazanır.
2024-cü ildə süni intellekt bazarının ümumi qlobal dəyəri 196 milyard ABŞ dolları olaraq qiymətləndirilirdi. 2030-cu ildə isə bu rəqəmin 1,8 trilyon ABŞ dollarına qədər artacağı proqnozlaşdırılır. “McKinsey” şirkətinin proqnozuna əsasən təkcə süni intellekt texnologiyaları 2030-cu ilədək qlobal iqtisadi aktivliyə əlavə 13 trilyon ABŞ dolları civarında töhfə vermək potensialına malikdir. Belə ki, ənənəvi yanaşmaların tətbiq edildiyi sahələrdə məhsuldarlığın artım göstəricisi 0,9% təşkil edirsə, süni intellektin tətbiq olunduğu sahələrdə bu göstərici 4,3% edir. Həmçinin, rəqəmsal iqtisadiyyatın digər hərəkətverici qüvvəsi olan onlayn səyahət və elektron ticarət xidmətlərinin 2023-2028-ci illər arasında illik orta artım tempinin müvafiq olaraq 7-9 % təşkil edəcəyi proqnozlaşdırılır.
Azərbaycan üçün bu yeni texnoloji dalğa yalnız çağırışlar deyil, həm də böyük imkanlar yaradır. Qeyri-neft-qaz sektorunun inkişafı, insan kapitalının rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi və dayanıqlı iqtisadi artım üçün innovasiyalara əsaslanan yanaşmalar vacibdir. Bu baxımdan, 2021-ci ildə ölkə Prezidentinin Fərmanı ilə yaradılmış 4SİM ölkəmizin qlobal texnoloji trendlərə uyğun şəkildə cavab verməsini təmin edən strateji mexanizm kimi çıxış edir. 4SİM həm də Dünya İqtisadi Forumunun (DİF) IV Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Mərkəzinə ev sahibliyi edir. Dünyada hazırda 22 belə mərkəz var. DİF ilə əməkdaşlıq mərkəzimizin beynəlxalq ekspertlərlə əməkdaşlıq etməsinə, nəhəng texnologiya şirkətləri ilə əlaqələrin qurulmasına, həmçinin yerli maraqlı tərəfləri cəlb etməklə Forum ilə birgə müxtəlif innovativ layihələrin həyata keçirilməsinə şərait yaradır.
Qurum olaraq 5 istiqamətdə fəaliyyəti – qlobal miqyasda formalaşan rəqəmsal və texnoloji trendləri daim izləyərək beynəlxalq təcrübə mübadiləsinin aparılmasını, innovativ texnologiyaların sektoral tətbiqinin stimullaşdırılmasını, rəqabətədavamlı insan kapitalının formalaşdırılmasını, rəqəmsal iqtisadiyyat üzrə strateji sənədlər və standartların hazırlanaraq icrasının koordinasiyasını, eləcə də bu sahədə ictimai maarifləndirmə və təşviqatı həyata keçiririk.
Mərkəzimiz süni intellekt (Sİ) və maşın öyrənməsi, rəqəmsal ticarət, əşyaların interneti və digər 4Sİ texnologiyalarının tətbiqi istiqamətində DİF-in Şəhər Transformasiyası, 4Sİ Şəbəkələr, Enerji və Materiallar, Təbiət və İqlim, Regionlar, Ticarət və Geosiyasət Mərkəzləri ilə, eləcə də digər platformaları ilə əməkdaşlıq edir, həmçinin yerli maraqlı tərəflərin beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsini həyata keçirir.
– 4SİM-in fəaliyyət istiqamətlərinə toxundunuz. Bəs 4Sİ texnologiyalarının tətbiqi istiqamətində nə kimi layihələr həyata keçirilir?
– Məlumdur ki, IV Sənaye İnqilabı (4Sİ) texnologiyaları ölkə iqtisadiyyatlarının transformasiyasında mühüm rol oynayır. Süni intellekt, əşyaların interneti (IoT), böyük verilənlər və avtomatlaşdırma kimi texnologiyalar müəssisələrə məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və enerji səmərəliliyini yüksəltmək imkanı verir. DİF-in məlumatına görə, rəqəmsal həllərin sənaye sahələrində geniş tətbiqi qlobal karbon emissiyalarını 20 %-ə qədər azalda bilər. İqtisadi Əməkdaşllıq və İnkişaf Təşkilatı, DIF və bir sıra digər qabaqcıl konsaltinq şirkətlərinin müxtəlif dövrlərdə apardığı tədqiqatlara əsasən, IV Sənaye İnqilabı texnologiyalarının müxtəlif sahələrdə tətbiqi sənayedə məhsuldarlığı 20–30 % artırır, aqrar sektorda su və gübrə istifadəsini 15–25 % azaldır, səhiyyədə diaqnostika dəqiqliyini 30 %-ə qədər yüksəldir, təhsildə isə fərdiləşdirilmiş platformalar öyrənmə effektivliyini 20-40 % artırır. Bu da həm iqtisadi səmərəliliyi, həm də sosial rifahı gücləndirir.
Bu cür mütərəqqi texnologiyaların milli iqtisadiyyatın müxtəlif sektorlarında dayanıqlı tətbiqini stimullaşdırmaq məqsədilə ötən dövrlərdə Almaniya, Türkiyə və Sinqapur kimi ölkələrin sahəvi uğurlu təcrübələri təhlil etmişik, yerli ehtiyac və tələblərə uyğun milli yanaşma və həllər formalaşdırılaraq bir sıra təşəbbüslər irəli sürmüşük və bu pilot layihələri icra etmişik. Bu layihələrə misal olaraq müəssisələrin rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə ötən dövr ərzində pilot olaraq icrasına başlanılmış “Sənaye 4.0 Hazırlıq Proqramı”nı nümunə çəkmək olar. Belə ki, bu proqram çərçivəsində yerli müəssisələrin diaqnostikası aparılır, rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlanır. Proqramın pilot mərhələsində tətbiqi çərçivəsində artıq 5 iri istehsal müəssisəsində analoji fəaliyyət həyata keçirilmişdir. Bu ildən başlayaraq isə sözügedən proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, İqtisadiyyat Nazirliyinin tabeliyində sahəvi fəaliyyəti həyata keçirən ixtisaslaşmış qurumlardan biri olaraq, bu istiqamətdəki fəaliyyətlərimizi vahid və koordinasiyalı şəkildə icra etmək məqsədilə “Sənaye 4.0 Texnologiya Mərkəzi”nin yaradılması nəzərdə tutulur.
– Azərbaycanda yaradılması planlaşdırılan“Sənaye 4.0 Texnologiya Mərkəzi”i hansı xidmətləri göstərəcək? Mərkəzin Azərbaycana faydasını necə dəyərləndirirsiniz?
– Bizneslər müasir texnologiyalardan faydalanmaq üçün beynəlxalq təcrübəyə əsaslanan və əyani şəkildə göstərilən nümunəvi modellərə ciddi ehtiyac duyurlar. Beynəlxalq təcrübədə “Sənaye 4.0 Mərkəzləri” kimi tanınan, sektorların transformasiyasını sürətləndirmək üçün xidmətlər göstərən, ölkə kontekstinə və biznes ehtiyaclarına uyğunlaşdırılmış texnoloji mərkəzlər mövcuddur. Bu mərkəzlərə Sinqapur, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və İtaliyada rast gəlinir.
Azərbaycanda da oxşar yanaşmaya əsaslanan “Sənaye 4.0 Texnologiya Mərkəzi”nin yaradılması istiqamətində işlər aparılır. “Sənaye 4.0 Texnologiya Mərkəzi” Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən müəssisələrin rəqabət qabiliyyətini artırmaq və onların daha çevik və texnologiya əsaslı fəaliyyət göstərməklərinə dəstək məqsədi ilə fəaliyyət göstərəcək. Onun fəaliyyəti bir neçə istiqamət üzrə təşkil olunacaq: müəssisələrin mütərəqqi texnologiyalar ilə tanışlığı, texnologiya transferi və tətbiqində dəstək, pilot laboratoriyalar və simulyasiya mühiti, təlim və bilik artırma proqramları və s.
Bu mərkəz xüsusilə sənaye sektoru üçün qabaqcıl texnoloji həllərin nümayişi, texnoloji transformasiyaya dəstək məqsədilə süni intellekt əsaslı ağıllı istehsal xətlərinin qurulması, həmçinin insan kapitalının inkişafı üçün “bir pəncərə” modeli rolunu oynayacaqdır.
– “Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək məqsədi daşıyan ‘4Sİ Akademiyası’ layihəsini ölkəmizin rəqəmsal gələcəyinin qurulmasında strateji əhəmiyyətə malik bir təşəbbüs kimi necə qiymətləndirirsiniz?”
– Mütərəqqi texnologiyaların təsiri ilə getdikcə artan dinamik transformasiyaya adaptasiya etmək heç də hər kəs üçün asan deyildir. Texnologiyaların tətbiqi ilə genişlənməkdə olan rəqəmsal transformasiya dövlətlərin sosial-iqtisadi inkişafına təsir edir, regionlararası rəqəmsal bərabərsizliyə səbəb olur, bir sıra peşələri tənəzzülə uğradır. Texnologiyaların insan həyatına gələcək təsirini ölçmək üçün bir sıra qabaqcıl beyin mərkəzləri və texnologiya şirkətləri davamlı tədqiqatlar aparmaqdadır. Məsələn, Davos Forumu ərəfəsində DİF-in nəşr etdiyi “Gələcəyin Peşələri” (“Future of Jobs”) adlı builki hesabata əsasən, texnologiyaların mənimsənilməsi ilə növbəti 5 ildə iş mühitində bacarıqların 39 %-nin tranformasiyaya məruz qalacağı proqnozlaşdırılır. Avtomatlaşdırma və digər texnoloji tərəqqi nəticəsində növbəti 5 ildə qlobal miqyasda 92 milyon iş yerinin tənəzzülə uğrayacağı, 170 milyon yeni iş yerinin yaranacağı təxmin edilir.
Rəqəmsal bacarıqları olmayan insanlar üçün isə bu kifayət qədər çətin və narahatedici ola bilər. Belə bir şəraitdə əsas çağırış yalnız texnologiyanı mənimsəmək deyil, onunla birlikdə insan kapitalını, bacarıqları və əmək bazarını da paralel şəkildə transformasiya etməkdir. Əks halda, rəqəmsal bərabərsizlik daha da dərinləşə və texnologiyadan əldə olunan faydalar cəmiyyətin yalnız məhdud hissəsinə çata bilər.
İqtisadiyyat Nazirliyi olaraq yerli əmək bazarındakı mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində mütəmadi olaraq təhlillər aparılmaqdadır. Bu təhlillərin nəticələri göstərir ki, hazırda qarşıya çıxan ən ciddi məsələlərdən biri əmək bazarında bacarıq boşluğudur. Bu bizim üçün önəmli bir siqnaldır və bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilir.
Xüsusilə, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının növbəti onillik üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetindən biri olmasını əsas tutaraq, Azərbaycanda da bu istiqamətdə həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində bir sıra mühüm addımlar atılmaqda, təşəbbüslər həyata keçirilməkdədir.
Bu istiqamətdə irəli sürülən təşəbbüslərimizdən biri “4Sİ Akademiyası” layihəsidir. Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirdiyimiz “Milli Proqram” çərçivəsində bir il ərzində on minlərlə vətəndaşımıza “Coursera” tədris platformasında 300-dən çox nüfuzlu universitet və onlarla aparıcı texnologiya şirkətlərinin təqdim etdiyi təlimlərdən ödənişsiz yaralanmaq imkanı verir. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, şəxsi inkişaf, kommunikasiya kimi bacarıqlar daxil olmaqla ümumilikdə 8 000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. Təlimləri uğurla bitirənləri “Coursera” platforması beynəlxalq səviyyədə tanınan sertifikatlarla təltif edir. Apreldən etibarən 15000 vətəndaş bu imkandan yararlanmağa başlayıb və bu günə kimi onlar 27000 təlimi uğurla başa vurublar. Təhsil platformasında ən yüksək tələbatlı 2500 təlim subtitrlər vasitəsilə Azərbaycan dilinə tərcümə olunmuşdur. Proqrama ölkənin hər bir şəhər və kəndindən vətəndaşlarqatılır.
Ötən il pilot layihə çərçivəsində 10000 vətəndaş bu imkandan yararlanıb. Layihəni “Coursera” şirkətin “Süni intellekt innovasiyası” kateqoriyası üzrə 40-dan çox ölkədən təqdim olunan 180 layihə arasında “Üstün Nailiyyət Mükafatı”na layiq görüb.
Proqrama müraciət etmək üçün sadəcə 4sim.gov.az internet səhifəsinə daxil olmaq və sadə müraciət formasını doldurmaq kifayətdir. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilərlər.