
Bakı metrosundan istifadə edən sərnişinlərin sayının artması istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına töhfə verə bilər.
"APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) qiymətləndirməsində bildirilib.
Hesabata görə, 2017-ci ildə Bakı metrosunun şəbəkəsinin uzunluğu 37 kilometr olub və il ərzində 222 milyondan çox sərnişin daşınıb. Sənəddə qeyd edilir ki, Azərbaycanda metro nəqliyyatının inkişafı və yeni stansiyaların tikintisi ölkənin milli iqlim öhdəliklərində (NDC) də prioritet istiqamətlərdən biri kimi göstərilib.
ADB-nin hesablamalarına əsasən, Dehli metrosunun monitorinq nəticələri və Azərbaycanın elektrik enerjisi üzrə karbon əmsalı nəzərə alınmaqla, metrodan istifadə edən hər bir sərnişin təxminən 700 qram CO₂ emissiyasının qarşısını alır. Bu baxımdan, əlavə 100 milyon sərnişin daşınması ildə təxminən 70 min ton CO₂ emissiyasının azalmasına imkan verə bilər.
Hesabatda bildirilir ki, hazırda qüvvədə olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) kütləvi ictimai nəqliyyat layihələri üzrə metodologiyasına əsasən, Bakı metrosu karbon bazarı layihəsi üçün uyğun hesab edilə bilər. Bununla belə, belə layihələrin hazırlanması və monitorinqi mürəkkəb prosesdir. Buna görə də onların iqtisadi cəhətdən səmərəli olması üçün illik emissiya azalmasının ən azı 50 min ton CO₂ təşkil etməsi məqsədəuyğun sayılır.