• 23 °C
|

Azərbaycanda sərnişin daşımalarında bank kartı ilə ödəniş sisteminə keçid mümkündürmü? – ARAŞDIRMA

12 May 2025
img

Gündəlik həyatda böyük şəhərlərin ən mühüm ehtiyaclarından biri çevik və müasir nəqliyyat sistemidir. Gediş-gəlişin axarlı olması və sərnişin məmnuniyyətinin təmin edilməsi isə birbaşa texnoloji həllərin səviyyəsindən asılıdır. Bu mənada nağdsız ödəniş sistemləri – xüsusilə bank kartları, mobil ödəniş texnologiyaları -nəqliyyat sektorunda dönüş nöqtəsi sayılır.

Hazırda bir çox ölkədə sərnişinlər əlavə kart almadan, nəqliyyat vasitələrindəki cihazlara mobil cüzdanlarını yaxınlaşdıraraq və ya sadəcə bank kartlarından istifadə edərək səfərlərinə davam edirlər. İctimai nəqliyyatın belə rəqəmsallaşması təkcə rahatlıq deyil, həm də şəffaflıq, təhlükəsizlik və effektiv idarəetmə deməkdir.

“Report” Bakıda ictimai nəqliyyatda nağdsız ödəniş sistemlərinin tətbiqi imkanları, mövcud çatışmazlıqlar, beynəlxalq təcrübələr mövzusu ilə bağlı araşdırma aparıb.

Nağdsız ödəniş sisteminə keçid

Azərbaycanda bu gün ictimai nəqliyyat ilə bağlı müzakirə edilən əsas mövzulardan biri avtobuslarda bank kartları ilə ödənilməsi ilə bağlıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda AYNA tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir: “Ümumilikdə ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur”.

Mövcud çətinliklər

İnformasiya texnologiyaları sahəsi üzrə ekspert Elnur Abdullazadə bildirib ki, xüsusi nəqliyyat kartlarının tətbiqi rəqəmsallaşma baxımından böyük təşəbbüs olsa da, mövcud sistemdən istifadənin bir sıra çətinlikləri də mövcuddur: “Məsələn, BakıKart terminallarının bir sıra dayanacaqlarda qurulmaması fonunda əlçatanlıq problemi yaranıb. Sərnişinlər elə vaxtlar olur ki, avtobuslardakı kartlarına vəsaiti ödəmək üçün terminalları tapa bilmirlər. Bundan başqa, sərnişinlər, ölkəmizə səfər edən turistlər əlavə olaraq xüsusi nəqliyyat kartlarını əldə etməli olurlar. Üstəlik, digər problemlərdən biri nəqliyyat kartı platformasının eksklüzivlik prinsipləri ilə məhdud sayda banklarla əməkdaşlıq etməsidir. Bütün bunlar həm ölkə vətəndaşları, həm də xarici qonaqlar üçün müəyyən çətinliklərin meydana gəlməsinə səbəb olur”.

Onun sözlərinə görə, sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində birbaşa bank kartları ilə ödəniş imkanlarının olması bir sıra üstünlüklər gətirə bilər: “Hazırda Azərbaycanda demək olar ki, hər kəs bank kartlarından istifadə edir. Sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində birbaşa bank kartları ilə ödəniş isə bu sahədə əlçatanlığın artmasına səbəb olacaq. Bundan başqa, "BakıKart" tətbiqi üzərindən gediş QR-larının generasiyası, balans artımı kimi əməliyyatların addım sayı ilə müqayisədə bank kartları ilə minimal fiziki cəhddə ödəniş etmək səmərəlilik qazandıra bilər. Bu məsələdə yalnız eksklüziv tərəfdaş bankların deyil, bütün bank kartı sahiblərinin istifadə imkanlarının artmasına gətirib çıxara bilər. “ApplePay” və “GooglePay” kimi elektron cüzdan sistemlər vasitəsilə birbaşa telefonla ödəniş imkanı nəqliyyata minik zamanı gecikmələrin azaldılmasına töhfə verə bilər”.

Beynəlxalq təcrübə – təmassız ödəniş sistemləri

E.Abdullazadə vurğulayıb ki, əksər Avropa dövlətlərinin nəqliyyat sistemlərində bilet və nəqliyyat kartları istifadə olunsa da, dünya təcrübəsində bank kartları ilə birbaşa ödəniş nümunələri də mövcuddur: “Məsələn, sərnişinlər Böyük Britaniyanın paytaxtı Londonda “Contanctless payments & Oyster card” adlı adi bank kartları ilə də metro, avtobus, qatar ödənişi edə bilir. Onların hətta mobil cihazlarla da (“Apple Pay”, “Google Pay”) ödəniş həyata keçirməsi mümkündür. Sinqapurda isə “SimplyGO” adlı həm bank kartı, həm də NFC ilə telefonla ödəniş sistemi inteqrasiya olunub. Niderlandın paytaxtı Amsterdamda – “OVpay” – təmassız texnologiyalı kartlar, telefon və “ağıllı saat”la ödəniş mümkündür. Türkiyənin İstanbul şəhərində sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində əsasən “İstanbulKart” ilə ödəniş olunur. Lakin bəzi nəqliyyat vasitələrində “Mastercard” ilə də ödəniş test edilir”.

Ekspert söyləyib ki, Azərbaycanda bu təcrübə avtobus, metro kimi nəqliyyat "BakıKart"ın tətbiqi ilə paralel olaraq, mərhələli şəkildə sınaqdan keçirə bilər: “Bunun üçün, nəqliyyat vasitələrində NFC və təmassız ödəniş dəstəyi olan POS sistemlər quraşdırılmalı, bank sistemləri ilə inteqrasiyalar aparılmalı, tariflər üzrə tənzimləmələr, limitlər və avtomatlaşdırmalar həyata keçirilməli, bu proses beynəlxalq təhlükəsizlik protokollarına (PCI DSS, ISO/IEC 27001, EMVCo) uyğun qurulmalıdır. Yəni beynəlxalq təcrübə reallaşdırılan zaman qeyd edilən texniki addımlar da nəzərə alınmalıdır”.

Kibertəhlükəsizlik riskləri

E.Abdullazadə deyib ki, ümumiyyətlə, rəqəmsal transformasiya zamanı çətinliklər qaçılmazdır: “Misal olaraq, mövcud "BakıKart" ilə paralel işləyən hibrid sistemin qurulması nəzərə alınmalıdır, çünki bank kartı istifadəçisi olmayan sərnişin seqmenti mövcuddur və eyni zamanda "BakıKart" üzrə qurulmuş hazır infrastruktur mövcuddur. Xidmətin fasiləsizliyi baxımından mövcud sistemlə konflikt yaratmadan inteqrasiya gözlənilməlidir. Bununla bağlı infrastruktura böyük maliyyə vəsaiti tələb olunur. Odur ki, bu prosesi ilk növbədə pilot layihə kimi mərhələli şəkildə, yəni təyin olunmuş nəqliyyat növü və marşrut xətləri üzrə tətbiq etməklə yumşaltmaq olar”.

O qeyd edib ki, digər tərəfdən, bank kartlarından insanların çox olduğu nəqliyyat vasitələrində istifadəsi bir sıra kibertəhlükəsizlik riskləri də formalaşdıra bilər: “Bu isə, əlavə olaraq, kibernəzarət-kontrol mexanizmlərinin gücləndirilməsi tələbləri yaradır. İnformasiya və bank sistemləri üzrə məlumatlılığı yüksək olmayan cəmiyyətlərdə bu proses əlavə maarifləndirmə və fərqindəlik tədbirlərinə də ehtiyac formalaşdıracaq. Bir sözlə, proses texniki olaraq mümkün səslənsə də, bunun üçün dünya təcrübəsi detallı təhlil edilməli, aydın strategiya və yol xəritəsi hazırlanmalı, mərhələli icra prosesi qurulmalı, xidmətin fasiləsizliyi baxımından mövcud sistemlə konflikt yaratmadan inteqrasiya gözlənilməli, hər seqmentin nəzərə alındığı universal və inkluziv dizayn prinsipləri nəzərdən keçirilməlidir”.