• 11 °C
|

Metro: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb

21 Aprel 2026
img

Bakı metrosunda bugünkü hadisə baş verən anda xətdə 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə qalıb və sərnişinlərin təxliyəsi Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hər hansı sərnişin şikayəti, hər hansı sərnişinin özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb:

“Bununla belə, Bakı Metropoliteni bununla əlaqədar preventiv tədbirlər görüb. Hadisənin araşdırılması yaxın günlərdə tam və müfəssəl şəkildə təmin olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

B.Məmməsov qeyd edib ki, Metropolitenin xətlərinə gərginliyin bərpa olunması saat 14:00 radələrində təmin olunub, daha sonra saat 15:00-a qədər Bakı Metropoliteni xətlərində qatarların hərəkətinin tənzimlənməsi və yoxlanılması tədbirləri həyata keçirilib və saat 15:30-dan etibarən sərnişin qəbulu başlanıb:

“Hazırda Bakı Metropoliteni normal qrafik üzrə hərəkət cədvəlinə uyğun fəaliyyətini davam etdirir, bütün stansiyalar istisnasız olaraq sərnişinlərə xidmət göstərir.

Ümumiyyətlə, bu hadisə ilə bağlı Bakı Metropoliteninin araşdırmasının tam şəffaf şəkildə aparılacağını bir daha qeyd edirəm. Bu hadisənin təkrarlanmaması üçün xüsusi diqqət yetiriləcək və artıq bununla bağlı ilkin tədbirlər üzrə tapşırıqlar verilib”.

B. Məmmədov onu da əlavə edib ki, baş vermiş hadisə zamanı yanğın qeydə alınmayıb:

"Qısaqapanmanın texniki xarakteri də bundan ibarətdir ki, onun nəticəsində bütün mühafizə sistemləri, eyni zamanda tunellərimizdə olan rele mühafizə sistemləri vaxtında işə düşüb və bunun nəticəsində hər hansı hadisə baş verməyib. Hətta bu hadisə nəticəsində hər hansı yanğın və ya digər fəsadın baş verməsi qeyri-mümkün olub”.