Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) xüsusilə dayanıqlılığı, multimodallığı və strateji əhəmiyyəti nəzərə alınmaqla Avrasiya ticarətində əsas həlqəyə çevrilir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar sessiyası zamanı Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov bildirib.
"Hazırda Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, daha sonra Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat-logistika dəhlizi fəal şəkildə inkişaf edir. Aktau dəniz limanının xüsusi iqtisadi zonasında həmçinin “Azersun Holding” tərəfindən inşa edilmiş logistika mərkəzi fəaliyyət göstərir. Bu mərkəz Azərbaycan meyvə və tərəvəzlərinin saxlanması, emalı və daşınmasında mühüm rol oynayır. Eyni zamanda, onların Mərkəzi Asiya ölkələrinə və daha sonra Çinə ixracı üçün imkanlar açır", – M.Karimsakov qeyd edib.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.