• 17 °C
|

Nazir müavini: Zəngəzur dəhlizi geosiyasi risklərə qarşı dayanıqlı alternativ marşrut kimi çıxış edəcək

31 Oktyabr 2025
img

Azərbaycanın İranla sərhədində yerləşən Ağbənd kəndində yeni sərhəd-keçid məntəqəsinin inşası davam edir və gələn il tamamlanması planlaşdırılır.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın məqsədi yalnız tranzit ölkə rolunu oynamaq deyil, həm də istehsal, logistika, innovasiya və ticarətin qovuşduğu regional iqtisadi mərkəzə çevrilməkdir.

“Görülən işlər nəticəsində nəqliyyat sektoru 2024-cü ildə ÜDM-in 7 faizini təşkil etmiş, bu da əvvəlki illə müqayisədə 12,7 faizlik artım deməkdir. 2024-cü ildə ölkə üzrə ümumi tranzit yüklərinin həcmi 14,5 milyon tona çatmışdır. Bu göstərici əvvəlki illərlə müqayisədə sabit artımı nümayiş etdirir — 2019-cu il pandemiya öncəsi səviyyə ilə müqayisədə 2,5 dəfə çoxdur. Bu yüklərin təxminən 4,5 milyon tonu Orta dəhliz vasitəsilə daşınıb. Son təcrübə göstərir ki, qlobal təchizat zəncirləri geosiyasi gərginliklər, pandemiyalar və digər pozuntulara qarşı çox həssasdır. Bu kontekstdə Orta dəhliz — Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən marşrut təhlükəsiz və perspektivli alternativ yol kimi ön plana çıxıb. Nəticədə həm beynəlxalq təşkilatlar, həm də milli hökumətlər arasında Orta dəhlizə maraq sürətlə artır. Dünya Bankının məlumatına görə, Orta dəhlizin illik yükaşırma gücü 2030-cu ilə qədər 11 milyon tona çatacaq. Bu irəliləyiş Zəngəzur dəhlizinin açılmasını həm vaxtında, həm də strateji cəhətdən mühüm edir”.

Nazir müavini qeyd edib ki, Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat şəbəkəsi üçün tamamilə yeni geoiqtisadi reallıqlar yaradacaq: “Avropa ilə Asiya arasında ticarət yollarını genişləndirmək potensialına malik olan bu dəhliz təkcə logistik marşrut deyil, həm də tarixi və mədəni inteqrasiyanın simvoludur. Zəngəzur dəhlizi yalnız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini bərpa etməyəcək, həm də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri arasında əsas strateji bağlantı rolunu oynayacaq. 2020-ci ildəki tarixi Qələbədən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası və yeni marşrutların açılması üçün çərçivə yaratdı. 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi bu layihənin reallaşması istiqamətində mühüm addım oldu. Layihə tam başa çatdıqdan sonra dəhlizin illik yükaşırma gücü 15 milyon tona çatacaq. Bu dəhliz geosiyasi risklərə qarşı dayanıqlı alternativ marşrut kimi çıxış edərək Avrasiyanın ticarət və nəqliyyat şəbəkəsinin etibarlılığını artıracaq”.