
Çinlə rəqabət olsa da, Mərkəzi Asiyada bəzi məsələlərdə maraqlar üst-üstə düşür.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprays XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən xüsusi sessiyada deyib.
Aİ rəsmisi bildirib ki, tərəflər formal tərəfdaş olmasa da, bəzi məsələlərdə situativ müttəfiq kimi çıxış edirlər.
Onun sözlərinə görə, iki tərəfin maraq göstərdiyi əsas ortaq istiqamətlərdən biri regionda sabitlik və təhlükəsizlik, digəri isə regional bağlantı və nəqliyyat dəhlizlərinin inkişafıdır.
O qeyd edib ki, Avropa İttifaqı və Çinin bu sahələr üzrə fəaliyyəti çox vaxt bir-birini tamamlayır. “Biz layihələri birgə koordinasiya etmirik, lakin müəyyən mənada fəaliyyətlərimiz təbii şəkildə bir-birini tamamlayır”.
Diplomat vurğulayıb ki, Avropa tərəfinin əsas diqqəti transmilli nəqliyyat marşrutlarının inkişafına, xüsusilə də Avropadan Mərkəzi Asiyaya uzanan bağlantılara yönəlib. Çin isə daha çox regionun şərq hissəsindəki əlaqələrin inkişafına fokuslanır.
Aİ rəsmisi buna nümunə olaraq Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsini göstərib: “Bu xətt Çindən başlayaraq Qırğızıstan və Özbəkistan üzərindən Türkiyəyə qədər uzanan mövcud dəmir yolu şəbəkəsinə qoşula bilər və beləliklə, Avrasiya boyunca nəqliyyat əlaqələrini genişləndirə bilər”.
O, həmçinin qeyd edib ki, regionda təhlükəsizlik məsələləri də Avropa İttifaqı və Çinin diqqət mərkəzindədir. Xüsusilə Tacikistan–Əfqanıstan sərhədində təhlükəsizlik riskləri narahatlıq doğurur: “Avropa İttifaqı Tacikistanın Əfqanıstanla sərhədinin qorunmasını gücləndirmək üçün artıq böyük layihə həyata keçirir. Layihə çərçivəsində 1 400 kilometrlik sərhəd xəttinin təxminən 800 kilometri müşahidə və nəzarət avadanlıqları ilə təchiz edilir”.
Aİ rəsmisi əlavə edib ki, Çin də sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün qalan hissəyə dəstək göstərməyə başlayıb. O diqqətə çatdırıb ki, bu əməkdaşlıq əvvəlcədən planlaşdırılmış koordinasiya deyil, regiondakı ortaq təhlükəsizlik maraqlarının nəticəsidir.