• 29 °C
|

Direktor: Azərbaycanın COP29-a ev sahibliyi iqlim diplomatiyasının inkişafına mühüm töhfə verib

7 Sentyabr 2026
img

"Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin iqlim diplomatiyasının inkişafına və beynəlxalq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verib".

APA xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası Departamentinin direktoru, COP31 Bürosunun vitse-prezidenti və Adaptasiya Fondu İdarə Heyətinin üzvü Elçin Allahverdiyev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın uzunmüddətli və uğurlu diplomatik fəaliyyət təcrübəsi var:

“Ölkəmiz üç onillik ərzində müxtəlif diplomatik platformalarda fəal iştirak edib. COP-a ev sahibliyi etmək yalnız təşkilati və logistika məsələsi deyil. Bu, nəhəng diplomatik və təşkilati proses, eyni zamanda, çoxsaylı qarşılıqlı fəaliyyət və əməkdaşlıq tələb edən bir fəaliyyətdir. Bu sahədə nisbətən yeni ölkə kimi Azərbaycan bu öhdəliyə çox ciddi yanaşdı. İlk növbədə, biz üzərimizə düşən işi çox yaxşı şəkildə yerinə yetirdik, bütün tərəflərlə və qeyri-tərəf aktorlarla, beynəlxalq təşkilatlarla əlaqə saxladıq və prosesimizi ən başlanğıcdan etibarən mümkün qədər inklüziv etdik. Bu yanaşma tərəflər və qeyri-tərəf aktorlar arasında etimadın formalaşmasına imkan verib. Bildiyiniz kimi, iqlim diplomatiyası müxtəlif qruplara aid olan tərəflərin fərqli mövqelərini bir araya gətirmək və onlar arasında körpü yaratmaq cəhdidir. Burada söhbət yalnız inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən getmir. Həmçinin fərqli prioritetlərə, müxtəlif ambisiyalara və fərqli gözləntilərə malik tərəflər mövcuddur”.

Elçin Ələkbərov bildirib ki, Azərbaycan COP29 çərçivəsində fikir ayrılıqlarını aradan qaldırmağa və tərəflər arasında körpü yaratmağa nail olub:

“Biz bütün bu fikir ayrılıqlarını bir araya gətirə və mövcud boşluqları aradan qaldıra bildik. Nəticədə bütün tərəflər Azərbaycana etimad göstərməyə başladılar. Bu da bizə prosesi şəffaf şəkildə qurmağa və qətiyyətlə irəliləməyə imkan verdi”.

O əlavə edib ki, Azərbaycanın əvvəlki diplomatik fəaliyyəti çərçivəsində formalaşdırdığı təcrübə və münasibətlər COP29 zamanı iqlim diplomatiyasının inkişafı üçün mühüm baza yaradıb:

“Əvvəldən diplomatik fəaliyyətimizdə formalaşdırdığımız təcrübə və münasibətlər bizə həmin uğurların üzərində quraraq iqlim diplomatiyasında da irəliləməyə imkan verdi”.