
Türkiyə–Ermənistan sərhədinin açılması ilə bağlı müzakirələr Qarsda iqtisadi gözləntiləri artırıb. Yeni bazarların yaranacağı, ticarətin genişlənəcəyi, turist axınının artacağı, şəhərin logistika baxımından daha əlverişli mövqeyə gələcəyi əsas arqumentlər sırasındadır.
Bunların müəyyən iqtisadi əsası var. Ancaq sərhədin açılması ilə Qarsın iqtisadi inkişafı arasında avtomatik bərabərlik işarəsi qoymaq üçün mövcud rəqəmlər kifayət qədər əsas vermir. Əksinə, statistikaya baxdıqda sərhədin Qars üçün həm imkanlar, həm də yeni rəqabət yaradacağı görünür.
Ermənistan Türkiyə malları üçün yeni bazar deyil
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə 2025-ci ildə Türkiyə mənşəli 368,3 milyon dollarlıq məhsul idxal edib. 2024-cü ildə bu göstərici 335,9 milyon dollar, 2023-cü ildə isə 337,1 milyon dollar olub. Ermənistanın Türkiyəyə ixracı isə 2025-ci ildə cəmi 473 min dollar təşkil edib.
Başqa sözlə, quru sərhədinin bağlı olması Türkiyə mallarının Ermənistan bazarına daxil olmasının qarşısını almayıb. 1993-cü ildən indiyədək məhsullar əsasən Gürcüstan üzərindən daşınıb. Sərhədin açılması ilk növbədə mövcud ticarətin yolunu qısalda, logistika xərclərini azalda bilər.
Bu isə vacib fərqdir. Söhbət sıfırdan yüz milyonlarla dollarlıq bazarın yaranmasından deyil, mövcud bazara daha rahat çıxışdan gedir.
Qarsın ixracı nə deyir?
Sərhədin açılmasına dair optimist proqnozların reallığını qiymətləndirmək üçün Qarsın öz ixrac strukturuna baxmaq kifayətdir.
Mövcud statistikaya görə, Qarsın 2025-ci ildə ən böyük ixrac istiqaməti sement, şüşə, keramika və torpaq məhsullarıdır – 3,415 milyon dollar. Mədənçilik məhsullarının ixracı 293 min dollar, maşın və avadanlıqlar üzrə ixrac 25,2 min dollar, avtomobil sənayesi məhsullarında isə 24 min dollar təşkil edir.
Kənd təsərrüfatı məhsullarında rəqəmlər xeyli aşağıdır. Taxıl, paxlalılar və yağlı toxumlar üzrə ixrac 13,6 min dollar, meyvə-tərəvəz məhsullarında isə cəmi 6,9 min dollardır.
İxracın təxminən 90%-i təkcə sement, şüşə, keramika və torpaq məhsullarının payına düşür.
Bu struktur sərhəd açıldıqdan sonra Qarsdan Ermənistana meyvə qurusu, çərəz və digər ərzaq məhsullarının böyük həcmdə göndəriləcəyi barədə gözləntilərə daha ehtiyatlı yanaşmağı tələb edir. Çünki Qarsın hazırkı ixrac bazası məhz bu məhsullar üzərində qurulmayıb.
Əksinə, mövcud rəqəmlər Qars üçün Ermənistan bazarında ilkin mərhələdə daha real imkanın tikinti materialları və bəzi sənaye məhsullarında yarana biləcəyini göstərir.
Sərhəd yeni bazara çıxışı asanlaşdıra bilər, amma özü-özlüyündə istehsal gücü yaratmır. İxracın artması üçün məhsul, qiymət üstünlüyü, emal gücü, sertifikatlaşdırma və davamlı təchizat da lazımdır.
Ermənistan bazarında rəqiblər artıq var
Qarsın digər problemi Ermənistan bazarının boş olmamasıdır.
Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2025-ci ildə təkcə İrandan idxal 679 milyon dollar olub.
İran Ermənistanla birbaşa quru sərhədinə malikdir və ərzaq da daxil olmaqla müxtəlif məhsullar üzrə uzun illərdir formalaşmış ticarət əlaqələri mövcuddur. Ermənistanın Rusiya, Gürcüstan, Çin və digər bazarlarla da geniş ticarəti var.
Bundan başqa, Qars istehsalçısının rəqibi yalnız xarici şirkətlər olmayacaq. Sərhəd açıldıqda Türkiyənin daha böyük istehsal mərkəzləri də Ermənistana daha rahat məhsul göndərə biləcəklər.
Bu səbəbdən coğrafi yaxınlıq Qars üçün üstünlükdür, amma kifayət edən üstünlük deyil. Məhsul daha baha başa gəlirsə və ya kifayət qədər həcmdə istehsal olunmursa, sərhədə yaxın olmaq problemin hamısını həll etmir.
Sərhəd iki tərəfə açılacaq
Müzakirələrdə çox vaxt yalnız Qarsdan Ermənistana gedəcək mallardan danışılır. Halbuki iqtisadi baxımdan sərhədin digər istiqaməti də nəzərə alınmalıdır.
Hazırda Ermənistanın Türkiyəyə ixracı çox aşağıdır. 2025-ci ildə 473 min dollarlıq ixrac Türkiyədən idxalla müqayisədə demək olar ki, simvolikdir. Ancaq birbaşa nəqliyyat imkanlarının yaranması Ermənistan istehsalçılarının Türkiyə bazarına çıxış xərclərini də azalda bilər. Bu məsələ Qars üçün xüsusilə ona görə vacibdir ki, vilayətin iqtisadiyyatında kənd təsərrüfatı və heyvandarlığın çəkisi böyükdür.
Heyvandarlıq: Qarsın ən həssas sahəsi
Qars İl Tarım və Orman Müdürlüğünün 2025-ci il məlumatına görə, vilayətdə iri və xırdabuynuzlu heyvanların ümumi sayı 1,5 milyon başdır. Təkcə bir il ərzində Qarsdan Türkiyənin digər bölgələrinə 290 min baş heyvan göndərilib.
Bu rəqəmlər heyvandarlığın Qars üçün sıradan bir iqtisadi fəaliyyət olmadığını göstərir. Sektor minlərlə ailənin gəliri, süd və ət emalı, pendir istehsalı və digər əlaqəli sahələrlə birbaşa bağlıdır.
Ona görə sərhədin açılmasının bu sektora mümkün təsiri ayrıca hesablanmalıdır.
Qars fermerinin maya dəyərinə yem, enerji, əmək, nəqliyyat və baytarlıq xidmətləri daxildir. Əgər gələcəkdə Ermənistan mənşəli ət və ya digər heyvandarlıq məhsullarının Türkiyə bazarına çıxışı asanlaşarsa və həmin məhsulların son qiyməti Qars istehsalçısının məhsulundan aşağı formalaşarsa, yerli fermer yeni qiymət rəqabəti ilə üzləşə bilər.
Bu halda istehsalçının qarşısında iki seçim qalır: qiyməti aşağı salıb gəlirliliyini azaltmaq və ya mövcud qiyməti qoruyaraq bazar payını itirmək riski ilə üzləşmək.
İndidən Ermənistan ətinin Qars bazarını tutacağını söyləmək doğru olmaz. Bunun üçün Ermənistan və Türkiyədə istehsal maya dəyəri, topdansatış qiymətləri, gömrük tarifləri, sanitar və baytarlıq tələbləri müqayisə edilməlidir.
Ancaq 1,5 milyon baş heyvan varlığı olan Qarsda belə bir ssenarinin iqtisadi təsirinin əvvəlcədən hesablanması vacibdir. Sərhədin iqtisadi faydası yalnız ixrac imkanları əsasında ölçülərsə, mənzərənin yarısı kənarda qalar.
Əsas qazanc ticarətdən yox, xidmətdən gələ bilər, amma…
Bütün bunlar Qarsın sərhədin açılmasından qazanmayacağı anlamına gəlmir. Əksinə, şəhərin daha böyük və daha real üstünlüyü başqa sahələrdə ortaya çıxa bilər.
Logistika, yükdaşıma, anbar xidmətləri, gömrük fəaliyyəti, otelçilik, restoran biznesi, pərakəndə ticarət və turizm sərhəddə hərəkətliliyin artmasından faydalana bilər.
Xüsusilə Qars–Gümrü istiqamətində nəqliyyat əlaqələrinin genişlənməsi, dəmir yolu imkanlarının aktivləşdirilməsi və Ani–Gümrü kimi turizm marşrutlarının formalaşdırılması Qarsda xidmət sektoruna əlavə gəlir yarada bilər.
Amma burada da milli ticarətlə yerli qazancın fərqini nəzərə almaq lazımdır.
Məsələn, İstanbulda istehsal edilmiş 1 milyon dollarlıq məhsul Ermənistana Qars üzərindən gedirsə, bu, Türkiyənin 1 milyon dollarlıq ixracıdır. Qarsın həmin əməliyyatdan əldə etdiyi gəlir isə yükdaşıma, anbar, yanacaq, restoran və digər xidmətlərdən şəhərdə qalan məbləğdir.
Yəni tranzit olmaqla logistika mərkəzi olmaq eyni şey deyil.
Qarsdan yükün keçməsi kifayət deyil. Yükün şəhərdə xidmət alması, saxlanması, çeşidlənməsi, emal olunması və yerli biznes üçün gəlir yaratması lazımdır. Əks halda ticarət rəqəmləri böyüsə də, Qarsda qalan əlavə dəyər məhdud ola bilər.
Gözlənti ilə iqtisadi nəticəni ayırmaq lazımdır
Türkiyə–Ermənistan sərhədinin açılması Qars üçün real fürsətlər yarada bilər. Bu, mübahisə doğurmur. Məsafələrin qısalması, logistika xərclərinin azalması, turist və yük hərəkətinin artması şəhərin iqtisadi imkanlarını genişləndirə bilər.
Lakin Qarsın mövcud ixrac strukturuna baxanda başqa mənzərə də görünür: ixracın böyük hissəsi bir məhsul qrupunda – sement, şüşə, keramika və torpaq məhsullarında cəmləşib, kənd təsərrüfatı və meyvə-tərəvəz ixracı isə hələ çox aşağı səviyyədədir.
Eyni zamanda şəhərin iqtisadi dayaqlarından biri olan heyvandarlıq yeni rəqabətə açıq ola bilər.
Bu səbəbdən sərhədin açılmasını “Qars üçün böyük iqtisadi sıçrayış” kimi təqdim etməzdən əvvəl ixrac potensialı, yeni idxalın təsiri, yük və turist axını, eləcə də şəhərdə qalacaq əlavə dəyər hesablanmalıdır.
Sərhədin açılması Qars üçün məqsəd yox, iqtisadi alətdir. Onun uğuru sərhəddən nə qədər mal keçməsi ilə deyil, həmin hərəkətdən Qarsda nə qədər gəlir, istehsal və məşğulluq yaranması ilə ölçüləcək.