Mayın 24-25-də Bakıda keçiriləcək kişi və qadınlar arasında 3×3 basketbol üzrə dünya çempionatının seçmə mərhələ oyunlarında azərbaycanlı hakimlər iştirak etməyəcək.
Bu barədə "Report"a Azərbaycan Basketbol Liqasının Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov məlumat verib.
O, daha əvvəl ölkəmizdən iki referinin 3×3 basketbol üzrə lisenziyasının olduğunu bildirib:
"Mənimlə birlikdə Ruslan Xalıqovun lisenziyası var idi. 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları vaxtı bunu almışdıq. Sadəcə, 5-6 il təyinat olmadığı üçün yeni lisenziya üçün müraciət etmədik. Paytaxta gələcək ədalət təmsilçiləri isə yarışın startından bir həftə əvvəl bəlli olacaq".
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi B qrupunda Kanada və Böyük Britaniya, kişilərdən ibarət kollektiv isə Latviya və Misir ilə üz-üzə gələcək.