
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti bahalaşıb. “Bitcoin”in qiyməti yenidən 78,5 min dolları ötüb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,17% bahalaşaraq 78 530,34 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 1,64%, son 30 gündə isə 7,22% azalıb.
“Ethereum” 1,88% bahalaşaraq 2 305,35 dollara, BNB 1,54% artaraq 713,09 dollara çatıb. “Zcash” 3,17% yüksələrək 1 279,72 dollar, “Quant” isə 0,34% bahalaşaraq 200,47 dollar təşkil edib.
Bununla yanaşı, “Monero” 0,42% ucuzlaşaraq 601,46 dollara, “Bitcoin Cash” 0,41% azalaraq 285,36 dollara, “Bittensor” isə 0,59% geriləyərək 233,38 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,48% artaraq 3 912,64 dollara, “Tether Gold” (XAUT) isə 0,66% yüksələrək 3 897,34 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 1,38% artaraq 159,68 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,58 trln. dollara yaxınlaşıb.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəliş əvvəlki günlərdə müşahidə olunan ucuzlaşmadan sonra alışların artması və qiymətlərin qismən bərpası ilə əlaqəli ola bilər. Bununla belə, əsas kriptovalyutaların aylıq göstəricilərinin mənfi qalması bazarda satış təzyiqinin tam aradan qalxmadığını göstərir.