
Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib. Jurnalın araşdırma heyətinin qərarı 16 iyul 2026-cı ildə Londonda keçirilən “Award of Excellence” mükafatının təntənəli təqdimatı tədbirində açıqlanıb və mükafat Banka təqdim olunub.
Müxtəlif kateqoriyalar üzrə “İlin ən yaxşı bankı” mükafatı ilə təltif edilən banklar sırasında Deutsche Bank, HSBC, Unicredit, Mashreq, İş Bankası və s. kimi bir sıra aparıcı maliyyə institutları da var.
1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın “Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.
ABB bu mükafata aktivlərinin keyfiyyətinə, dayanıqlılığına, gəlirliliyinə, böyük müştəri bazasına, qlobal tərəfdaşlıq əlaqələrinə, rəqəmsallaşma layihələrinə, o cümlədən geniş tətbiq etdiyi süni intellekt həllərinə görə layiq görülüb.
Qeyd edək ki, ABB “The Banker” və “Global Finance” jurnallarının son seçimlərində də ölkə üzrə “İlin Bankı” elan edilib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.