• 29 °C
|

Kürşad Zorlu yaradılacaq Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb

16 Sentyabr 2026
img

Türk dünyası üçün yaradılacaq İnkişaf Bankına ilkin olaraq 1 mlrd dollar kapital nəzərdə tutulur

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu "APA-Economics”ə açıqlamasında bildirib.

O qeyd edib ki, Türk dünyası üçün ortaq İnkişaf Bankının yaradılması üzərində iş aparılır.

“Bu, yalnız Türkiyə ilə bağlı deyil. Məqsədimiz digər türk dövlətləri ilə birlikdə ortaq bank qurmaqdır. Hazırda bununla bağlı layihə üzərində çalışırıq. Hazırlıqlar tamamlandıqdan sonra digər dövlətlərlə müzakirələr aparacağıq”, – deyə K.Zorlu bildirib.

Onun sözlərinə görə, bu qərar son nəticədə türk dövlətlərinin liderləri səviyyəsində qəbul ediləcək.

K.Zorlu bildirib ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi qlobal və regional maliyyə institutları mövcuddur:

“Biz də Türk dünyasında bir İnkişaf Bankı yaradaraq böyükmiqyaslı layihələri həyata keçirmək imkanına malik ola bilərik”.

O qeyd edib ki, Türkiyənin hazırladığı ilkin layihədə bankın başlanğıc kapitalı üçün ən azı 1 mlrd ABŞ dolları həcmində öz kapitalı nəzərdə tutulur.

K.Zorlu bildirib ki, kapitalın bölüşdürülməsi ilə bağlı müxtəlif variantlar müzakirə oluna bilər.

“Bunu əhali sayı, milli gəlir və digər meyarlar əsasında müəyyən etmək mümkündür. Bundan əlavə, bu banka yalnız dövlətlər deyil, özünü təsdiqləmiş beynəlxalq maliyyə qurumları və Türk İnvestisiya Fondu da tərəfdaş ola bilər”, – deyə o vurğulayıb.

Kürşad Zorlu əlavə edib ki, belə bir bankın yaradılması türk dövlətləri arasında ortaq və inteqrasiya olunmuş ödəniş sisteminin formalaşdırılması üçün də mühüm baza yarada bilər.

“Əgər bu bankı birlikdə qura bilsək, öz milli valyutalarımızla ticarəti daha güclü platforma üzərindən həyata keçirmək və valyutalarımızın regionda daha geniş istifadəsini təmin etmək imkanımız olacaq”, – deyə o qeyd edib.