
Rusiyanın "Rybar" Telegram kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, yerli “Vijesti” qəzeti Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və “Rybar”ın daha üç əməkdaşının bu səhər Monteneqronun Risan şəhərində saxlanıldığı barədə məlumat yayıb.
Bildirilib ki, əməliyyat Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilib.
Bunun xarici informasiya təsir əməliyyatlarında iştirak edən Telegram kanallarının hibrid fəaliyyətlərinin qarşısının alınması ilə əlaqəli olduğu bildirilib.
Qeyd edək ki, "Rybar" Teleqram kanalı və onun təsisçisi bloger Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı aparılmış çirkin informasiya kampaniyasının müəlliflərindən biridir. Zvinçukun həm müəllifi olduğu "Rybar" kanalında, həm də anti-Azərbaycan mövqeli "Tsarqrad" kanalında çox saylı Azərbaycan əleyhinə yazılarına rast gəlmək olar.